Ölkə ərazisində hava şəraiti isti, yağmursuz keçir.  Sentyabrın 4-də havanın temperaturu iqlim normasından 7.0° yüksək olub.

Elxeber.com xəbər verir ki, məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40, Naxçıvan MR-da 40°-dək, dağlıq rayonlarda 36-dək° isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub.

28 gün davam edən isti və quraq havanın şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında sentyabrın 5-i şimal küləyinin güclənməsi gözlənilir. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.

Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. Ayın 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qərb küləyi arabir 18-23 m/s, əsasən Kür vadisi rayonlarında 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.