Hazırda havanın temperaturu çoxillik norma göstəricilərindən 4 dərəcəyədək aşağıdır. Lakin son onillikdə ən soyuq mart 2012-ci ildə qeydə alınıb. Həmin ilin martında Bakıda və Abşeron yarımadasında 2.9 dərəcə şaxta müşahidə olunmuşdu. Hətta paytaxtda qar yağmış və qar örtüyü əmələ gəlmişdi. Buna görə yaranmış vəziyyət rekord göstərici deyil.

Elxeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.

Xidmət rəisi bildirib ki, ümumiyyətlə mart ayı sinoptiklər üçün proqnozlaşdırma baxımından ən çətin aylardan biridir: “Martda hava qeyri-sabitliyi ilə fərqlənir və sürprizlərlə doludur. 2013-cü ildə Bakıda mart ayında 28 dərəcə isti müşahidə olunub. Bu da fərqli və kontrastlı hava şəraitinin müşahidə olunmasının göstəricisidir.

Son onillikdə mart ayında hava şəraiti soyuq keçir və hətta paytaxtda qar müşahidə olunur. 2012, 2013, 2014, 2015, 2016, 2018, 2021-ci illərin martında paytaxtda sulu qar və qar yağıb. Ona görə də bu gün yağışın arabir sulu qarla qarışıq yağması gözlənilməz deyil”.