Novruzun tarixi, adət-ənənələri haqqında genış yazılır, lakin bu bayramın qeyd olunması məhz astronomik hadisələrlə əlaqəlidir.

Elxeber.com xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Bahar bayramının martda qeyd olunmasının elmi izahı ilə bağlı məlumat paylaşıb.

BDU Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Kəmalə Alışeva bildirib ki, Yer oxunun meyilli olması hesabına orbit boyunca dolanan zaman müəyyən dövrdə Yerin şimal qütbü daha çox Günəşə doğru dönmüş olur. Bu vaxt həmin yarımkürədə yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli müşahidə olunur. Cənub qütbü Günəşə dönmüş olarsa, onda bu yarımkürədə yay fəsli, digər yarımkürədə isə qış bərqərar olur. Yer Günəş ətrafinda hərəkət etdikcə fəsillər bir-birini əvəz edir. Lakin Yer orbitin müəyyən nöqtələrindən keçəndə firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni qədər düşür. Bu zaman yaz və payız fəsilləri müşahidə olunur. Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə qütblər istisna olmaqla Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur. Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. Bu hadisə məhz 20-21 mart tarixinə uyğun gəlir. Bəzi hallarda bu tarix martın 19-na düşür.

XXI əsrdə yaz bərabərliyi günü martın 19-na 20 dəfə, martın 20-nə 78 dəfə, martın 21-nə isə cəmi 2 dəfə düşəcək. 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.