Gənclər üçün Prezident Mükafatı ilə təltif edilmiş Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Lalə Axundovanın AMEA saytına verdiyi müsahibəni təqdim edirik.
L.Axundova 2014-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini “Genetika” ixtisası üzrə bitirib. O, 2015-ci ildə Niderlandın Vageningen Universitetinin “Tibbi biologiya” ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafi Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan “Xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsində icraçı kimi iştirak edir. 2021-ci ildə Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.
- Lalə xanım, dövlət başçısının müvafiq sərəncamı ilə elm sahəsində əldə etdiyiniz uğurlara görə gənclər üçün Prezident Mükafatı ilə təltif edilmisiniz. Bu barədə təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsində bu gün ölkəmizdə yüksək intellektli gənc nəsil yetişib. Müasir Azərbaycan gəncliyi hər zaman Ulu Öndərin xalqımız qarşısında xidmətlərini, Azərbaycana bəxş etdiyi müstəqilliyi, elmin, təhsilin, ölkəmizin inkişafına, eləcə də gənclərə diqqət və qayğısını yüksək qiymətləndirir. Mən dövlətimizin başçısına elmi fəaliyyətimi yüksək mükafatla qiymətləndirdiyi üçün təşəkkürümü bildirirəm. Belə bir ali mükafata layiq görülməyim mənim üçün böyük qürur və xoşbəxtlikdir. Həmçinin AMEA rəhbərliyinə və fəaliyyət göstərdiyim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu rəhbərliyinə elmi yaradıcılığımı dəyərləndirdikləri üçün təşəkkür edirəm.
- AMEA-da elmdə yüksək nəticələri ilə fərqlənən gənclərə göstərilən dəstək, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərdiniz.
- AMEA-da bakalavr və magistr pilləsində yüksək ortalama balları olan gənclərin elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək istiqamətində mühüm işlər görülür. Eləcə də gənc tədqiqatçılar AMEA tərəfindən mütəmadi olaraq həm xarici, həm də yerli qrantlar barədə məlumatlandırılırlar. Bu qrantlar xarici ölkələrdə təhsilimizi davam etdirməyə və xaricdə təcrübə qazanmağa imkan verir. Çalışdığım AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu bu il müvafiq dövlət proqramı vasitəsi ilə bir neçə tələbəyə Fransanın qabaqcıl universitetlərində fəlsəfə doktorluğu proqramı üzrə təhsil almaq imkanı yaradıb. Həmçinin institutun əməkdaşı İslam İnkişaf Bankının təqaüdünü qazanaraq İngiltərənin Kembric Universitetində fəlsəfə doktorluğu proqramı üzrə təhsil alır.
- Fəaliyyət göstərdiyiniz AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda hansı istiqamətlərdə tədqiqatlar aparırsınız?
- Hazırda Azərbaycanda şəkərli diabetin müxtəlif formalarına irsi meyllilik məsələlərini araşdırıram. Şəkərli diabet xəstəliyi orqanizmdə qlükozanın mənimsənilməsi (və sərfi) ilə bağlı xroniki endokrin xəstəlikdir. Xəstəlik inkişaf etdikcə yalnız endokrin sistem sıradan çıxmır, həmçinin orqanizmdə maddələr mübadiləsinin (karbohidrat, yağ, zülal, minerallar, su-duz və s. spesifik metabolik yollar) pozulması baş verir. Öz qurbanlarının sayına və bu sayın artma tendensiyasına görə şəkərli diabet müasir dövrün ən qorxunc xəstəlikləri sırasındadır. XIX əsrin qeyri-infeksion epidemiyası statusu alan bu xəstəlikdən planetimizdə hər 7 saniyədən bir 1 adam ölür, hər 5 saniyədən bir 1 adam bu xəstəliyə tutulur. Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi qeydiyyatdadır və bu rəqəmlər hər il artır. Tədqiqatımız əsasən Tip1 və Tip2 şəkərli diabet olan xəstələrdən alınan qan nümunələrini toplayıb bəzi genlerin mutasiyalarının bu xəstəlikdə rolunu öyrənməkdən ibarətdir. Gələcəkdə alınan məlumatlar diabetin profilaktikasında istifadə oluna bilər. Bu, həmçinin başqa xəstəliklərdə həmin genlərin və onlarla əlaqəli mutasiyaların rolunun olub-olmamasını öyrənməyə imkan verəcək.
- Niderlandda magistr təhsili aldığınız müddətdə apardığınız tədqiqatların əsas istiqamətlərini nələr təşkil edirdi?
- 2015-ci ildə Niderlandın Vageningen Universitetinin Tibbi biologiya ixtisası üzrə magistratura proqramına qəbul olunmuşam. Təhsil aldığım illərdə Toksikologiya və Mikrobiologiya bölmələrində iki əsas layihəyə qatılmışam. 2016-cı ildə Toksikologiya elmi-tədqiqat qrupunda izoflavanoidlərin döş xərçəng hüceyrələrinin proliferasiyasına təsiri üzrə araşdırmalar aparmışam. İzoflavonlar, əsasən soya məhsullarında olan qeyri-steroid bitki törəmələridir. İzoflavonlar demək olar ki, yalnız Fabaceae (Paxlaçiçəklilər) ailəsinin üzvləri tərəfindən istehsal olunur. Çoxsaylı tədqiqatlar nəticəsində izoflavonun nümayəndələrinin, genistinin və daidzeinin şiş əleyhinə xüsusiyyətlərini araşdırdım. Daidzeinin aktiv metaboliti (S)-equol müəyyən bağırsaq mikrobiotasının mövcudluğunda istehsal olunan (S)-equolun təsiri haqqında daha az şey müəyyən edilmişdir. Qərb əhalisinin yalnız 25-30%-i (S)-equol istehsal edə bilir. Daidzeinin estrogen reseptorları ilə daha möhkəm birləşmə yaratması səbəbindən (S)-equol son illərdə tədqiqatçılar arasında daha çox narahatlıq doğurur. Tədqiqatımda (S)-equolun insan döş xərçəngi (T47D) hüceyrələrinin inkişafına təsirini araşdırmışam. Xüsusi fitoestrogenlərin spesifik ER reseptoruna bağlanma qabiliyyəti tədqiqatçıların böyük marağına səbəb olub, çünki o, estrogenlə əlaqəli xərçəng müalicəsində, eləcə də hormon əvəzedici kimi istifadə edilə bilər. Soyadan əldə edilən izoflavonların postmenopauza dövründə BFM kimi qəbulu istilik, ağır tərləmə və yuxusuzluq kimi əlamətlərin azalmasına gətirib çıxarır. Bundan əlavə, soya qidasının qəbulu ateroskleroz, Tip2 diabet və ürək xəstəliklərinin azalmasına kömək edir. Qərb qadınları ilə müqayisədə, yapon qadınları arasında süd vəzi xərçənginin nadir hallarda rast gəlinməsinin səbəblərindən biri də soya məhsullarının daha çox qəbuludur.
2017-ci ildə Mikrobiologiya elmi-tədqiqat qrupunda təmiz və xam qliserolun mikroorqanizmlərin fermentasiyası zamanı sənaye əhəmiyyətli 1,3-propanediola çevrilməsini tədqiq etmişəm. 1,3-propandiol bioplastik istehsalında mühüm rol oynayır. Lakin sintetik yol ilə bu kimyəvi elementi almaq əlverişli deyil, çünki yüksək temperatur və təzyiq tələb olunur. Xam qliserol biodisel emalından alınır. Mikroorqanizmlər xam qliseroldan qida kimi istifadə edirlər. Bu zaman mikroorqanizmlər xam qliserolu 1,3-propanediola çevirirlər. Ona görə də mikroorqanizmlərin köməyi ilə alınan 1,3-propanediola daha əlverişli hesab olunur.
- Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafi Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan “Xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsində iştirak edirsiniz. Bir qədər də təklif etdiyiniz yeni üsul haqqında danışardınız.
- Bu yaxınlarda sübut edilib ki, xərçəng kök hüceyrələri xərçəngin müalicəsində mühüm rol oynayır və bir sıra bədxassəli şişlərdə, o cümlədən mədəaltı vəzin xərçəngində mühüm yerə sahibdir. Xərçəng kök hüceyrələri anti-apoptotik zülalların, ABC daşıyıcılarının və çoxlu dərmanlara qarşı müqavimət genlərinin yüksək ifadə səviyyələrinə malik olduqları üçün qeyri-xərçəng kök hüceyrələrə nisbətən kimyaterapiya və radioterapiya müalicələrinə daha davamlıdırlar. Mədəaltı vəzi xərçənginin əsas molekulyar yolları Wnt/βcatenin, Sonic Hedgehog (SHH), və Notch-dur. Bu yollar özünü yeniləmə, epitelidən mezenximaya keçid (EMT) prosesində və ənənəvi müalicələrə müqavimətdə mühüm rol oynayır. Bu layihədə əsas məqsədimiz mədəaltı vəzi xərçəng kök hüceyrələrinin siqnal yollarını və zülallarını öyrənməkdir. Daha sonra isə xərçəng əleyhinə dərmanlarla bu siqnal yollarına və zülallara təsir edərək kimyaterapevtik rezistentliyini azaltmaqdan ibarətdir.
- Gələcəkdə hansı istiqamət üzrə fəaliyyət göstərməyi planlaşdırırsınız?
- Hazırda öyrəndiyim bəzi genlər hüceyrənin böyüməsi və differensasiyasında iştirak edən siqnal yolları ilə sıx bağlıdır. Gələcək planlarım arasında tədqiqatları xərçəng hüceyrələri üzrə davam etdirmək, həmçinin şəkərli diabetin genetik aspektlərinin öyrənilməsi zamanı əldə edilən məlumatları xərçəngin genetik təbiətinin öyrənilməsinə inteqrasiya etdirməkdir. Beləliklə, Azərbaycan əhalisi arasında bu iki xəstəliyin mümkün əlaqəsini araşdırmaq əsas hədəflərimdəndir.
- Elmi fəaliyyətlə məşğul olan gənc tədqiqatçılara nələri tövsiyə edərdiniz?
- Gənc tədqiqatçılara tövsiyəm ondan ibarətdir ki, gənclər təhsilə daha çox diqqət ayırmalı, bunun üçün dövlət proqramı və digər yerli və xarici proqramlardan isifadə edərək təcrübə qazanmalı və əldə etdikləri bilikləri Vətənlərində tətbiq etməyə səy göstərməlidirlər.