Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlzın tacqoyma mərasimi gələn il keçiriləcək.

Britaniya mediyası rəsmi tac qoyma mərasiminin gələn il iyunun 3-də keçiriləcəyini yazıb.

Anası Kraliça II Elizabetdən fərqli olaraq, Kral III Çarlz mərasimin daha sadə keçirilməsinin tərəfdarıdır.

II Elizabetin tacqoyma mərasimi 3 saat çəkdiyi halda, lll Çarlz mərasimi bir saat davam edəcək. Həmçinin o, mərasimdə iştirak edəcək qonaqların sayının 8 min nəfərdən 2 minə endirilməsini tələb edib.

Qeyd edək ki, kral III Çarlz gələn il tacqoyma mərasimində 74, həyat yoldaşı Kamilla isə 76 yaşında olacaq. O, indiyə qədər tac almış ən yaşlı monarx olacaq.

Yeni kral 56 müstəqil ölkədən və 2,4 milyard insandan ibarət Millətlər Birliyinin rəhbəridir. Bu ölkələrdən 14-nün isə dövlət başçısıdır.

Kral İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət Böyük Britaniyanın dövlət başçısıdır. Lakin onun səlahiyyətləri simvolikdir.