Azərbaycanda hər 100 min qadından 17-si məişət zorakılığı cinayətlərinə məruz qalır

Məişət zorakılığı problemi bu gün cəmiyyətimizi narahat edən ciddi məsələlərdən biridir. Həyatımızın müxtəlif sahələrində özünü göstərən bu problem ağır fəsadlara gətirib çıxara bilir. Ölkəmizdə problemin qarşısnı almaq üçün bir sıra addımlar atılır. Bir müddət əvvəl Milli Məclis tərəfindən “Məişət zorakılığı haqqında” qanuna dəyikliklərin nəzərdə tutulduğu da açıqlanmışdı.

Elxeber.com Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın mövzu ilə bağlı "Bizim Ailə" jurnalına verdiyi müsahibəni təqdim edir.

-Hicran xanım, əvvəllcə istəyərdik ki, məişət zorakılığı ifadəsinin cəmiyyətdəki hansı problemləri əhatə etdiyinə aydınlıq gətirək...

-Azərbaycanda “Məişət zorakılığının  qarşısının alınması haqqında”  Qanun 2010-cu ildə qəbul edilib. Bu qanuna əsasən, məişət zorakılığı “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır”.

-Bu problemdən bütün dünya ölkələri əziyyət çəkir. Siz bu sahədə olan ümumi vəziyyəti necə dəyərləndirərdiniz? 

-Məişət zorakılığı bütün dünyanın diqqətindədir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qadınlara (15-49 yaş arasında) qarşı   zorakılığın  yayılma nisbətləri Qərbi Sakit Okeanı  Bölgəsində 20%, Avropa Bölgəsinin yüksək gəlirli ölkələrində 22% və Amerika Bölgəsində 25%, ​​Afrika bölgəsində 33% arasındadır.  Şərqi Aralıq dənizi Bölgəsində 31% və Cənub-Şərqi Asiya Bölgəsində 33% təşkil edir. Azərbaycanda da qadınlar məişət zorakılığına məruz qalır. Hazırda hər 100 min qadına nisbətdə ailə münaqişəsi və məişət zorakılığı cinayətlərinə məruz qalmış qadınların sayı 17 nəfər təşkil edir. Bu rəqəm digər ölkələrlə, xüsusilə, inkişaf etmiş ölkələrlə, eyni zamanda, İstanbul Konvensiyasını qəbul edən ölkələrlə müqayisədə çox aşağıdır. Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə, qadın hüquqları pozulur və belə hallar şərq ölkələrinə nisbətdə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına  görə, dünyada təxminən hər üç qadından biri (% 30) həyatı boyunca yaxın   partnyoru və ya başqa bir şəxs tərəfindən fiziki  və ya cinsi zorakılığa məruz qalır. Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə AB-də liderdir. 2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülüb. Cinsi  təcavüz və təqib hadisələrinin sayına görə İngiltərə AB-də birinci yerdədir. 2017-ci ildə İngiltərədə təcavüzə məruz qalan qadınların sayı 48122, Fransada - 14.899, Almaniyada - 7831 və İsveçdə - 6810 olub.

-Ölkəmizdə məişət zorakılığının qarşısının alınması üçün hansı işlər həyata keçirilir və nə kimi çatışmazlıqlar var?

- Azərbaycanda məişət zorakılığının qarşısının alınması, zorakılığa məruz qalanlarla, zorakılığı törədənlərlə iş aparılır. Məişət zorakılığı baş verdikdə zərərçəkən şəxs,  və ya ailənin digər üzvü, qohum, qonşu,  bələdiyyə, icra nümayəndəliyi, QHT nümayəndəsi tərəfindən dərhal   Daxili İşlər Nazirliyinin  nəzdində fəaliyyət göstərən “102” xidmətinə, Təcili Tibbi Təxirəsalınmaz Yardımın “103”,  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə İdarəsinin “152” xidməti zəng mərkəzlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860”  və Azərbaycan Respublikasının Baş Prokurorluğunun “961”çağrı mərkəzinə müraciət edə bilər.  İlk növbədə zorakılığı törətmiş şəxs və qurbanın vəziyyəti qiymətləndirilməlidir. Məsələnin həlli isə bu və ya digər qurum tərəfindən deyil, sistemli şəkildə həyata keçirməlidir. Əlbəttə ki, bu gün ölkədə məişət zorakılığının qurbanları üçün sığnacaqlar  yetərli deyil. Lakin bu sahədə işlər görülür. Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçən qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Eyni zamanda, bu yaxınlarda Nazirliyin nəzdində dövlət sığınacaq mərkəzi yaradılmışdır.  Bütün Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir.  Təcrübə göstərir ki, məişət zorakılığının baş vermə səbəblərini, onun nəticə və fəsadlarının qarşısının  alınması, həlli istiqamətində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi mühüm əhəmiyyət kəsb edir.

-Mövcud qanuna dəyişikliklərin edilməsini zəruri edən amillər nələrdir?

- Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva vaxtı ilə   millət vəkili kimi  əsaslı şəkildə  çıxışlar edərək   “Məişət zorakılığının  qarşısının alınması haqqında”  Qanunun  qəbul edilməsi üçün təşəbbüslər göstərdi.  Və nəhayət 2010-cu ildə bu Qanun qəbul edildi. Qanunda məişət zorakılığı ilə üzləşmiş şəxslərin hara müraciət etməsi, ilkin olaraq hüquqi və psixoloji yardımların göstərilməsi, qadının sığınacağa göndərilməsi və sosial yönümlü yardımların göstərilməsi öz əksini tapsa da, bunları yerinə yetirmək üçün nə təlimatlandırılmış polis, psixoloq, sosial işçilər, ictimai vəkillər kimi mövcud insan resursları, nə də sığınacaqlar və müvəqqəti yaşayışla təmin edilmək üçün nəzərdə tutulan proqramlar yetərli səviyyədə deyil. Qanunda nəzərdə tutulan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsində və onların icrasında da ciddi pozuntular müşahidə olunur. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi “mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt”dır (1058-IIIQ, 2010). Bu akt zorakı şəxsin qurbanı izləmək, sığınacaq tapdığı yeri axtarmaq və narahat etmək kimi zorakılığından müdafiə etmək üçün verilir. Sözügedən qanunda göstərildiyi kimi mühafizə orderləri qısa və uzunmüddətli olaraq verilir. Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən müraciət daxil olandan 24 saat müddətində verilməlidir. Uzunmüddətli mühafizə orderi isə yerli məhkəmənin çıxardığı qətnamə əsasında verilir. Qısamüddətli mühafizə orderi bir aylıq, uzunmüddətli order isə altı aylıq müddətə verilir. Əgər zorakı şəxs qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməzsə, o zaman şəxsə uzunmüddətli orderin verilməsi üçün məhkəmə 3 gün müddətində qətnamə qəbul edir və orderin müddəti altı aya qədər uzadılır. Baxmayaraq ki, bu sahədə qanunvericilik formalaşıb, lakin reallıqda bir çox çətinlikləri müşahidə edirik.

-Bu çətinliklər daha çox hansı məqamlarda özünü göstərir?

- İlk növbədə, qeyd etmək lazımdır ki, bu sahədə peşəkar mütəxəssislərin sayı azdır. Zərər çəkən şəxslərə və onların uşaqlarına  göstərilən xidmətlər  daimi yaşayış yerindən asılı olmayaraq dərhal göstərilməlidir. Qeyd olunan məsələlərin lazımi səviyyədə yerinə yetirilməməsi  zərər çəkən şəxslərin, xüsusilə də qadınların və uşaqların hüquqlarının bərpa olunmasında ciddi problemlər  yaradır. Bunun üçün Daxili İşlər Nazirliyinin yerli idarələrində qadın polislərin, inspektorların və ya sosial işçilərin sayının artırılmasına ehtiyac var. Müsbət təcrübələrdən biri də bələdiyyələrin nəzdində belə sığnacaqların yaradılması və buraya professional mütəxəssislərin cəlb olunmasıdır. Eyni zamanda, qarşıda dayanan vəzifələrdən biri də dövlət yardım mərkəzlərini yaratmaq və ya QHT-in nəzdindəki yardım mərkəzlərinə əsaslı maliyyə dəstəyi göstərməklə, məişət zorakılığı qurbanlarını ödənişsiz əsaslarla təcili qısa və uzunmüddətli mütəxəssis xidməti ilə – hüquqi və tibbi yardım, psixoloji məsləhət və digər sosial yardımların göstərilməsini təmin edilməsidir.  “Məişət zorakılığının  qarşısının alınması haqqında”  Qanunun  qəbul edilməsindən 10 ildən çox müddət keçir. Dediyim kimi, hazırda  bu Qanunun tətbiqi zamanı yaranan bəzi çətinlikləri müşahidə edirik. Təcrübə göstərir ki, bu Qanunun təkmilləşdirilməsinə ehtiyac var.  Məişət zorakılığı əməlini tam şəkildə kriminallaşdırmaq (cinayət işi kimi qəbul edilməsi) məqsədilə qanunvericiliyi yenidən nəzərdən keçirilməsi əsəs məsələlərdəndir. Məişət zorakılığının kriminallaşdırılması bir çox ölkədə (Avstriya, Estoniya, Latviya, Fransa, Lüksemburq, İsveç, Bolqarıstan, Çexiya, Macarıstan,  Slovakiya, Gürcüstan və s.) uğurlu olduğunu sübut etmişdir və beynəlxalq ictimaiyyət tərəfindən tövsiyə edilir. Baş vermiş zorakılıq hallarının təhlili göstərir ki, zorakılığın qarşısını almaq istiqamətində əlavə tədbir kimi (cəzalandırmaya alternativ olaraq deyil), təqsirkarın müdaxilə proqramlarında iştirakını təmin etmək məqsədi ilə İnzibati Xətalar və Cinayət qanunvericiliyini yenidən nəzərdən keçirilməsi  və onlara dəyişikliyin edilməsi zərurəti yaranıb.

 -Hicran xanım, məişət zorakılığına qarşı aparılan mübarizənin səmərəliliyini artırmaq üçün daha hansı addımların atılması vacibdir?

-2020-ci ilin noyabr ayında  Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənib. Bu Planın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı da mövcuddur. Məişət, zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcək. Xüsusilə də, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün həm yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir. Qeyd etdiyim kimi, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı”nındın irəli gələrək Milli Məclisin müvafiq Komitəsi olaraq biz də bu sahədə öz töhfəmizi verməyə çalışırıq. Komitəmiz tərəfindən keçirilən dinləmələr zamanı bu mövzularda müzakirələr aparılıb. Millət vəkilləri tərəfindən müəyyən fikirlər səsləndirilib. 

Aygün İbrahimli