Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.

Elxeber.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər ölkələrin rəhbər şəxsləri də açılış mərasimində iştirak edib.  

Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.

Sonra Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Konsert zamanı dron və işıq effektləri mərasimə xüsusi rəng qatıb.

Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Mərasimdə səhnəyə çıxan rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu candandırdılar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, həmçinin ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olunub. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirilib. 

Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı olub.

Azərbaycan idmançıları meydana dördüncü sırada daxil olublar.

Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparıblar.

Qeyd edək ki, Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparacaq.