Yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir.

Növbəti mərhələdə Laçına 20 ailə - 70 nəfər yola salınıb.

Bu dəfə Bakı və Sumqayıt şəhərlərindən 16 ailə (59 nəfər) Qaradağ rayonu “Qobu Park-3” yaşayış kompleksindən, dörd ailə (11 nəfər) isə Beyləqan və Şamaxı rayonlarında məskunlaşdıqları ərazidən yola düşüb.

Sakinlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. 

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bügünkü köç də daxil olmaqla Laçın şəhərinə cəmi 315 ailə (1 205 nəfər) köçürülüb.