Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə-Laçın şəhərinə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir.

Bu barədə Elxeber.com-a nazirliyin Mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib. Bu əsasda növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq. Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır.