Media və din əlaqəsi, bu əlaqənin zərərsiz olması ölkəsinin təhlükəsizliyini düşünən hər kəsi maraqlandırmalıdır. Narahatlığın səbəblərinə  keçməzdən əvvəl din və medianın ayrı-ayrılıqda rollarına qısa bir nəzər salaq. 

Din ağıl sahibi olan insanları öz iradələrinə uyğun olaraq xeyirli istiqamətə aparan ilahi qanundur.  Bir cümlə ilə izah etsək, insanlığın  mənəvi və hüquqi cəhətdən tənzimlənməsi üçün bir növ açardır. 

Hazırda ünvanı kifayət qədər şaxələndirilsə də, medianın əsas rolu informasiyanı istehsal edib ötürməkdir.

Məsələ ondadır ki, müasir dövr din və medianı daha fərqli rollarda qarşımıza çıxarır.

İlahiyyatçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun fikrinə əsaslansaq, çağdaş dövrümüzdə dinə yalnız mənəvi və hüquqi məsələ kimi baxıla bilməz. Çünki din çoxdan mənəviyyat və hüquq müstəvisinin sərhədlərini aşıb: “Hətta mübaliğəli də olsa, belə deyənlər var: din həm də mənəviyyat və hüquq məsələsidir.  Bütün dövrlərdə dinin siyasiləşdirilməsinə, dövlətlərin onu bir-birinə qarşı silah alətinə çevirməsinə cəhdlər göstərilib. Din müxtəlif vaxtlarda hansısa dövlətlərin və qüvvələrin dayaq nöqtəsi, uğurunun təminatçısı kimi çıxış edib. Lakin heç zaman dini məsələ indiki qədər siyasiləşib bəşəriyyətin “kabus”una çevrilməyib. Bu baxımdan dövlətlər indi dinə bütün dövrlərdən daha həssas və ehtiyatla yanaşmalıdır”.  

Gələk mətbuatın fərqli roluna... Mətbuat anlayışı 1980-ci illərdən media anlayışına çevrildi.  Belə ki, tədqiqatçılar 1980-ci illərdən sonra kütləvi infsormasiya vasitələrində baş verən texnoloji inkişafla birlikdə ictimai quruluşda bəzi keyfiyyət dəyişikliklərinin mətbuat dövrünü bağladığını və media dövrünü açdığını irəli sürürlər. Media dövrünün fərqli xüsusiyyəti ondan ibarətdir ki, xəbər və informasiyanın cəmiyyətə ötürülməsi funksiyası qismən arxa plana keçir; yayım sahəsində sensasiyalı və tabloidləşdirilmiş jurnalistika cərəyanı üstünlük təşkil edir.

Dəyişməz bir reallıq var ki, media mesajın kütləviləşməsində və görünməsində aparıcı rol oynayır.  

Və təhlükə o zaman yaranır ki, media ötürdüyü mesajları cəmiyyət üçün zərərli formaya salmış olur. Xüsusi həssas mövzular var ki, “DNT-si ilə oynamaq” yolverilməzdir. Din də məhz o mövzulardan birincisidir.

Dinlər lap əvvəlindən söz vasitəsilə insanlara çatdırılıb. Hazırda media dini mesajların insanlara çatdırılmasında rol alanlardandır. 

Dinin mediada təmsil olunması həmin dinin prinsiplərinin “kütləviləşdirilməsi və populyarlaşması” deməkdir. Media bəzən bilərəkdən və ya bilməyərəkdən insanların dinə qarşı olan marağından sui-istifadə edir. 

Məlumdur ki, 71 illik sovet hakimiyyəti illərində xalqımız öz dini kimliyini gizli şəkildə qorudu. Dini bilikləri öyrənməkdən məhrum edildi. Nəticədə, qulaqdan dolma məlumatlarla xurafata meyillənmə, dini doğru qavramamaq kimi problemlər yarandı. Bu gün ölkəmiz artıq o problemləri geridə qoymağa başlayıb. Kifayət qədər məscidlərimiz, savadlı din xadimlərimiz və dini sağlam şəkildə öyrədən elm ocaqlarımız var. Dinimizin təhrifsiz şəkildə mənimsənilməsinə doğru atılan bu addımlarda media öz üzərinə düşən məsuliyyətdən yayınmamalıdır. 

Azərbaycan dini nöqteyi-nəzərdən kifayət qədər tolerant ölkədir. Dövlət müxtəlif dinlərin təmsilçiləri üçün bərabər şərait yaratdığı kimi, vətəndaşlar da bir-birinin inancına hörmətlə yanaşır. Elə bu günlərdə İsveçdə “Quran”ın yandırılması hadisəsi fonunda müqayisə aparsaq, ölkəmizdəki bu gözəlliyin dəyərini daha yaxşı qiymətləndirə bilərik. 

Məlumdur ki, radikal dini qruplar yaratdıqları saytlar və s. vasitələrlə zərərli təbliğat apara və sadəlövh insanları öz torlarına sala bilirlər. İŞİD təcrübəsində kifayət qədər misallar var. Bu qüvvələr insanları öz torlarına salmaq üçün medianın kütləviləşdirmək xüsusiyyətindən “məharətlə” istifadə edə bilmişdi və din adı altında nələr etdiklərini hər birimiz yaxşı bilirik. 

Təəssüf ki, bu gün heç bir radikal dinçiliklə əlaqəsi olmadığı halda, reytinq xətrinə öz materiallarında dinin təhrif olunmuş şəkildə yayılmasına, zərərli dini təbliğatın kütləviləşməsinə, bəzən dinin lağ hədəfinə çevrilməsinə, qarşıdurmaların yaranmasına rəvac verən media qurumları da var. 

Mediada dini mövzularla bağlı materiallar nə zaman təhlükəli olur?

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Elxeber.com-a açıqlamasında bildirdi ki, dini mövzularda olan materiallar bir neçə hallarda təhlükəli olur: “ 

1.Din üzrə mütəxəssis olmayanlar dini mövzularla bağlı analizlər aparmağa çalışırlar. Bu cür analizlərin çox vaxt dini öz məcrasından çıxaran yöndə olduğunu görürük.  Din haqqında olan materiallarda ən təhlükəli hal o zaman ortaya çıxır ki, məzhəb ayrı-seçkiliyinə yol verilir. 

2.Problemlərdən biri də dinin siyasi bir sistem olaraq təqdim olunması ilə bağlıdır. Bəzi radikalyönümlü dini saytlarda dinlə siyasət bir-birinə qarışdırılır, din siyasi-ideoloji bir sistem kimi qələmə verilir və ya buna cəhd olunur. Bu hal da çox təhlükəlidir. 

3.Bu məsələdə üçünçü təhlükəli hal odur ki, bəzən din haqqında verilən məlumatlarda dinlə həyat arasında əlaqə qurulmur. Zaman və məkan məfhumu unudulur. Dövrün reallıqları nəzərə alınmadan müasir insana xitab edəcək şəkildə təqdim olunan dini materialları görürük.

4.Dördüncü təhlükəli  məqam isə xurafat meylləri ilə bağlıdır. Əslində, din xurafata qarşıdır. Xüsusilə İslam dinində xurafat yolverilməzdir. Amma təəssüf ki, bəzən İslam dinini də xurafatla qarışdıraraq insanlara təqdim edirlər. Bu hal dinin özü üçün də çox zərərlidir. Dinin bu cür təqdim olunması təhsilli insanları dindən uzaqlaşdırır. Bundan başqa, bəzən xurafata inanan sadəlövh insanlar da tapılır. Ona görə də bu cür materiallar təhlükəlidir”.     

“Dinin” dili ilə hansı dəyərlərin hədəf alına biləciyini Gündüz İsmayılov belə sıralayır:

“1.Dini kimliyimizin milli kimliyə qarşı qoyulması cəhdləri.

2.Dindar kontingent daxilində dünyəviliyin zəiflədilməsi cəhdləri.

3.Dinin siyasiləşdirilməsi cəhdləri. 

4.Ənənəvi İslamın zəiflədilməsi cəhdləri. 

5.Dini radikalizmin gücləndirilməsi cəhdləri.

6.Dini zəmində xarici təsirlərin gücləndirilməsi cəhdləri. 

7.Məzhəb ayrı-seçkiliyinə cəhdlər.

8.Dini zəmində cəmiyyətdə sosial qütbləşmənin yaradılması cəhdləri.

9.Tolerantlığın zəiflədilməsi cəhdləri.

10. Xurafatın və dünyəvi təhsilə qarşı çağırışların artırılması cəhdləri. 

11. Dini zəmində qadın hüquqlarına  və ənənəvi ailə institutuna qarşı təhdidlər. 

12. Diasporumuza dini zəmində yönəlmiş təhdidlər”.

Onu da qeyd edək ki, medianın dindarlar qarşısında dini bilik baxımından müxtəliflik açması din sahəsində nüfuz məsələsini də gündəmə gətirir. Əgər o bilik yetkin və dinin təməl prinsiplərinə əsaslanmırsa, o zaman dinin nüfuzu təhlükə altına düşür.

Dini prinsiplər populyarlaşır və media məntiqi daxilində istehlak edilən “əmtəəyə” çevrilir.
Bu “əmtəə” dini və eləcə də medianın ciddiyətini sual altına qoyur. 

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu saytımıza açıqlamasında bildirdi ki, müasir dövrdə informasiya  texnologiyaları insan həyatının bütün sahələrinə sürətlə müdaxilə etməkdədir: “Din ilə interaktiv sahənin qarşılıqlı olaraq biri-biri ilə çulğalaşması isə daha artıq dərəcədə özünü göstərir.

Müxtəlif rəsmi və qeyri-rəsmi dini konfessiyaların yüzlərlə saytı, inanclı insanlar üçün forumlar, dini KİV-in eletkron versiyaları, mütəxəssis dinşünasların bloqosferası – bütün bunlar internetin bu gün din sahəsinə nə dərəcədə nüfuz  etdiyinin göstəriciləridir. Artıq “internet-kilsə” (internet church), “kiberdindarlar",  “kiberdin”,  ruh üçün interaktiv məkan (interactive soul space), chat room, newsgroup, mailing list kimi internet təchizatlarından dini təbliğat vasitəsi kimi istifadə edilməsi müasir günümüzün adi halına çevrilməkdədir.

İnternet bu gün və böyük ehtimal ki, sonra da söz azadlığı tarixində analoqu olmayan müzakirə məkanı olaraq qalacaq. Bu isə öz növbəsində müxtəlif dini axın və cərəyanlar üçün azad, lakin eyni zamanda ciddi təbliğat və təsiretmə imkanları daşımaqdadır”.

Ekspert deyir ki, dini təbliğat aparmaqda maraqlı olan icmalar, müxtəlif cərəyanlar multimedia mədəniyyəti ilə böyümüş insanların diqqətini cəlb etmək üçün ilk növbədə, müasir KİV-in özəlliklərinə diqqət yetirir, internetin imkanlarından yararlanırlar: “Mass-media üçün xarakterik olan “şüuraltına psixoloji təsir” imkanlarından da söz açmaq lazımdır. Təəssüf ki, bir çox hallarda din təbliğatı, tanıtımı pərdəsi altında fəaliyyət göstərən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları məhz belə metodlardan istifadə edərək hədəfləri və maraqları doğrultusunda müxtəlif tapşırıqları yerinə yetirməyə hazır olan fanatiklər yetişdirirlər. Və ya dini mövzulara maraq və həssaslığın yüksək olduğunu bilən media özü, bu mövzularda müəyyən manipulyasiyalara yol verir, reytinq xətrinə əslində dinlə, inancla heç bir əlaqəsi olmayan mövhumat və qaragüruhun təbliğinə meydan vermiş olur”.

Vüqar Zifəroğlu bu cür hallara bizim media məkanımızda da rast gəlindiyini vurğulayır. XXI əsrdə mediada manipulyasiya hallarının dini sahədə kifayət qədər yüksək olduğunu və bunun öz açı nəticələrini göstərməkdə olduğunu deyir: "Bu problemlərin qarşısının alınmasının ən doğru yolları isə media savadlılığı və sağlam dini maariflənmənin təşkil edilməsidir”.   

Göründüyü kimi, bu qədər təhdidlər qarşısında media yalnız yayımladığı materiallara məsuliyyət daşımaqla kifayətlənməməli, internetin imkanlarından istifadə edən və dini təhlükə mənbəyinə çevirən qüvvələrə qarşı sağlam dini təbliğatı ilə mübarizə aparmalıdır.

Yeri gəlmişkən qeyd edək ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununda din və media münasibətlərinə xüsusi paraqraf  ayrılıb və ölkəmizdə bu sahə qanunla tənzimlənir.   

Çıxış yolu kimi nəzarət mexanizmlərinin işə düşməsi təklif oluna bilər. Amma bu nəzarətin hansı formada olması da müzakirə mövzusudur.  Məsələn, qonşu Türkiyədə aparılan araşdırmalardan sonra belə qənaətə gəlinib ki,  

mediada yayılan müxtəlif dini məlumatların sağlamlığına nəzarət edən qurum və səlahiyyətin çatışmazlıqları ilə dini məlumatların monopoliyaya alınması təhlükəsi arasında orta yol tapmaq zərurəti meydana çıxır. Gəlinən qənaət belədir ki, dini məlumatların sağlam şəkildə çatdırılmasına konstitusiya ilə cavabdeh olan media ilə nəzarəti həyata keçirən dövlət qurumları və dini idarələr arasında hərtərəfli əlaqə zəruridir. 

Nəticə olaraq onu deyə bilərik ki, media ilk növbədə dini mövzularda yazan əməkdaşlarının peşəkarlığına diqqət yetirməlidir. Hazırlanan proqramlar, hətta çəkilən filmlərdə mövzuya həssaslıqla yanaşılmalıdır. 

Ən perspektivli çıxış yollarından biri də insanların media savadlılığının artırılmasıdır. 

Bu amil auditoriyanın medianı şüurlu oxuması, realla virtualı ayırd etməsi, seçmə və qiymətləndirmə qabiliyyətinə yiyələnməsi kimi bacarıqları aşılaya bilər. 

Media savadlılığının artırılması prosesinə isə məktəb yaşlarından başlanılması, bu sahənin dərs kimi tədris olunması vacibdir.

Toxunduğumuz  problemləri analiz edəndə ortaya çıxan reallıq onu göstərir ki, media vasitəsilə gələn təhlükələrdən həm insanları, həm də dini qorumaq kompleks yanaşma tələb edir. Bu məsələdə bir çox qurumların əlaqəli şəkildə çalışması labüddür.

Aygün İbrahimova

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.