Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Qırğızıstanın Talas Dövlət Universitetində türk dili bölümü açılıb.

Elxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, TİKA-nın dəstəyi ilə yaradılan sinif otağının açılış mərasimi keçirilib.

Mərasimdə iştirak edən Talas vali müavini Mira Seydikərimova Talas Dövlət Universitetində Türkiyə türkcəsi bölümünün açılmasından məmnunluğunu ifadə edərək “Yeddi xalqın, yeddi əcdadın dilini bil” qırğız atalar sözünü xatırladıb, dil öyrənməyin vacibliyini vurğulayıb.

Türk dili bölümünün tələbələrə böyük töhfə verəcəyinə inandığını bildirən M.Seydikərimova iki ölkə arasında dostluq əlaqələrini daha da artırmaq və belə tədris mərkəzlərinin daha çox açılmasını arzuladıqlarını bildirib.

Türkiyənin Qırğızıstandakı səfiri Əhməd Sadıq Doğan da Türkiyə və qırğız türkcələrinin bir-birinə bənzədiyini söyləyib: “Qırğızıstanda türk dilini öyrənib sertifikat alan tələbələr əlavə dil təhsilinə ehtiyac olmadan Türkiyədəki universitetlərdə bakalavr, magistr və doktorantura təhsili ala biləcək”.