Bakı Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədovun maddi kompensasiya tələbəni təmin etməyib.
Elxeber.com xəbər verir ki, bu barədə ReAl Partiyası məlumat verib.
Qeyd edək ki, Ali Məhkəmə Plenumunun İlqar Məmmədov haqqında verdiyi bəraət qərarı mənəvi kompensasiyanı təyin etmişdi, amma maddi kompensasiya ilə bağlı aşağı instansiya məhkəməsində iddia qaldırılmasının zərurətini qeyd etmişdi.
İlqar Məmmədov həbsdə qaldığı 5,5 il müddətə görə 53 min 757 manatlıq maddi kompensasiya tələbini məhkəməyə ötən il göndərib. Bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsi onu rədd etmişdi.
"Dövlət Vergi Xidmətinin saytından ödənilimiş vergilərlə bağlı çıxarış da daxil olmaqla mötəbər sübutlar təqdim edilsə də, Apellyasiya Məhkəməsi sənədləri diqqətə almayıb, sayta isə ümumiyyətlə baxmaqdan da imtina edib", - deyə ReAl Partiyasından bildirilib.
İlqar Məmmədov məsələ ilə bağlı Ali Məhkəməyə də şikayət veriləcəyini bildirib.