Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

Məlumatda o da bildirilib ki, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda intensiv ingilis dili kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində çıxış edən general-leytenant Heydər Piriyev, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və digər qonaqlar kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb, ingilis dilinin öyrədilməsində əməyi olan müəllimlərə təşəkkürlərini bildiriblər.