Qış fəslinin ortasında olsaq da, bazarlarda hər cür meyvə-tərəvəz görmək mümkündür. Kifayət qədər bolluqdur. Xaricdən gətirilən, xüsusilə Azərbaycanda ya az yetişdirilən, ya da heç olmayan meyvə-tərəvəzin qiyməti ilə müqayisədə yerli məhsulların qiyməti daha münasibdir.

Məsələn, 1,5 manata normal pomidor almaq olar. Xiyar, kartof, soğan, kök kimi məhsulların qiyməti də 1-2 manat aralığında dəyişir. Bazarda ən bol meyvələrdən olan almanın qiyməti 70-90 qəpikdən başlayır, 3-4 manata qədər yüksələ bilir. Qiymətlər meyvənin növünə görə dəyişir. Elxeber olaraq baş çəkdiyimiz şəhər bazarlarından birində alıcılardan çox satıcılar narazılıq edirdi. Səbəb isə müştərinin azlığıdır.

Artıq iki ildir bazarda satıcı kimi işlədiyini deyən Zenfira Orucovanın sözlərinə görə, daha çox pomidor, bibər kimi tərəvəz məhsulları satır. O deyir ki, pomidorun qiyməti hazırda çox aşağıdır, amma alan yoxdur: “Elə gün olur bir manata düşür qiymət, yenə satış çox zəifdir. Satış olmayanda isə nə biz qazana bilirik, nə də istixanada əziyyətlə məhsul yetişdirənlər. Onlar da şikayət edir ki, zəhmət və xərc çəkib yetişdirdiyimiz məhsuldan fayda götürə bilmirik”.

Nansı fəsil olmasına baxmayaraq çox istifadə edilən göyərtinin də alıcısı azalıb. Artıq beş ildir bazarda atası ilə birlikdə tərəvəz satdığını deyən Aslan Quliyev belə deyir: “Qış ayları başlayandan ziyana işləyirik. Ayda 300 manat yer pulunu, gündəlik xərcləri çıxanda ortada heç nə qalmır. Amma başqa nə ilə məşğul olacağıq? Bildiyimiz iş budur”.

Qubadan gətirdiyi növ-növ almalarına müştəri çağırmaqdan yorulmayan Salman İsmayılov isə düşünür ki, marketlərdə hər cür meyvə-tərəvəzin satılması onların bazarını “öldürür”. 

Onun sözlərinə görə, əhali bazarda daha ucuz və təzə meyvə-tərəvəzi almaqdansa, marketlərdə günlərlə qalan məhsulu almağa üstünlük verir: “Bizim bu bazarın yanında market var. Bəzən deyərlər ki, bazar uzaq olduğu üçün marketdən alırıq. Amma burada yaxındayıq, yenə marketə gedirlər. Bazara daha çox yaşlı insanlar üz tutur. Onlar da pensiyalarını yeni alanda gəlirlər”.

Qeyd edək ki, alış-veriş üçün bazara gələnlərlə apardığımız söhbətlərdən daha çox belə nəticə çıxdı ki, meyvə-tərəvəzin qiyməti əvvəlki aylarla müqayisədə yüksəlsə də, digər ərzaq məhsulları ilə müqayisədə daha

münasibdir. Alıcılar deyir ki, qazancın çoxu çörək, yağ, qənd-çay kimi gündəlik təlabat olan mallara xərcləndiyindən, meyvə və tərəvəzə o qədər büdcə ayıra bilmirlər.

Bazar sakinləri isə ümid edir ki, havalar isinib, pandemiya azaldıqdan sonra onların alveri daha yaxşı olacaq.