Əslən Qərbi Azərbaycandan olan araşdırmaçı-yazar, Türkiyədə fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalın TNS-ə müsahibəsini təqdim edirik.

- Sərdar bəy, bilirsiniz ki, hazırda ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif işlər görülür, beynəlxalq miqyasda tədbirlər keçirilir. Kökləri İrəvana bağlı olan bir insan kimi, sizin bu gün nə hiss etdiyinizi, düşündüyünüzü bilmək istərdik. Sizin nəslin böyükləri nə vaxt Türkiyəyə köçmək məcburiyyətində qalıblar və bu proses zamanı hansı çətinliklərlə üzləşiblər?

- Mənim nənəmgil vaxtilə İrəvandan Türkiyəyə gəliblər. Babam İrəvanın Hacı Bayramlı kəndindən, nənəm isə İrəvanın Təpəbaşı məhəlləsindəndir. Nənəmgilin Göy məscidin yanında evi varmış.

1920-ci illərdə erməni daşnaklar Türkiyənin Şərqi Anadolu bölgəsində - İğdır və ətrafında qırğınlar törətdikdən sonra türk ordusundan qaçaraq, İrəvana gediblər. Orada isə türklərə hücum etməyə başlayıblar. O zaman nənəm və babam kiçik qızları ilə birlikdə qaçmağa məcbur olublar. Ermənilər yolda babamı öldürüblər. Nənəm kiçik qızı ilə Araz çayını keçərək, İranın kəndlərindən birinə sığınıb. Bir müddət orada yaşayıb və çətin şərtlər altında evlənmək məcburiyyətində qalıb. İllər sonra nənəm İğdıra gəlib, qohumlarının yanında yaşamağa başlayıb.

İrəvandan qaçarkən ermənilər nənəmə çox işgəncə verib, ərini və atasını öldürüblər. O, çox əziyyətlər çəkmişdi. İllər boyu İrəvan həsrəti ilə yaşadı, hər gün İrəvan radiosuna qulaq asıb ağlayardı. Sonralar mən nənəmin çəkdiyi ağrı-acını “Ürəyim İrəvanda qaldı” romanımda qələmə aldım.

O romanı oxuyanlar göz yaşlarını saxlaya bilmirlər. Orda ağrı, həsrət, ölüm, göz yaşları var...

- İrəvana getmək, görmək, bəlkə də yaşamaq kimi arzunuz varmı?

- Ən böyük arzum İrəvana getmək, Göy məsciddə namaz qılmaq, Təpəbaşında nənəmin evini tapmaq, o məhəllənin havasını udmaqdır. İnşallah bir gün qismət olar. Türk yurdu İrəvanda yaşamağı da çox istəyərdim. Bəlkə o zaman nənəmin ruhu şad olar. Çünki o, illərlə “İrəvan, evim”, - deyib, ağladı. Doğulduğu evə, torpaqlara, məhəlləyə həsrət getdi bu dünyadan...

- İğdırda sizin kimi zamanında o torpaqlardan köçmək məcburiyyətində olan insanların sayı çoxdurmu?

- Bəli, İğdırda vaxtilə İrəvandan qaçmaq məcburiyyətində qalıb burada məskunlaşan çox insan var. Nənə-babalarımızın şəxsiyyət vəsiqələrində doğulduğu yer kimi İrəvan yazılmışdı. İğdırdan əlavə, Qars, Amasiya, İstanbul kimi digər şəhərlərə gedənlər də var. 1920-1936-cı illər arasında Qərbi Azərbaycandan, İrəvandan gəlib Türkiyənin müxtəlif şəhərlərində yaşayan 2 milyondan çox Azərbaycan türkü var. Onların çoxunun babası, nənəsi İrəvanlıdır.

- Siz Qərbi Azərbaycana qayıdışla bağlı hansı işləri həyata keçirirsiniz və ya nələri etməyi düşünürsünüz?

- İşğal altında olan torpaqların azad olunmasından və işğalçı ermənilərin qovulmasından sonra bizim hədəfimiz Qərbi Azərbaycan oldu. İndiyə qədər Qarabağın azad edilməsi üçün fəaliyyət göstərirdik. Bundan sonra Qərbi Azərbaycana qayıtmaq üçün əlimizdən gələni edəcəyik.

İrəvan şəhəri və onun ətrafındakı yaşayış yerlərinin, çay və göllərin adlarının əksəriyyətinin Azərbaycan türkcəsində olması bu torpaqların azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu bir daha sübut edir. İrəvan şəhərində aparılan qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri arasında indiyədək heç bir erməni nümunəsinə rast gəlinməyib.

15 il əvvəl biz İrəvanda doğulmuş insanlar olaraq “Haqqımızı istəyirik”, - deyə BMT-yə müraciət etmişdik. Göy məsciddə namaz qılmaq istədiyimizi bildirmişdik. Amma qəbul etmədilər. Bunun üzərində yenidən işləyəcəyik. “İrəvan günləri” adlı rəsm sərgisi açdıq. Daha çox çalışacağıq. Hədəf İrəvandır. İnşallah qayıdacağıq...