Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yerli və xarici turistləri daşıyan avtobuslara qarşı nəzarət-profilaktiki tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tədbir zamanı kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıb.
Bununla yanaşı, normadan xeyli artıq sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar da müəyyənləşdirilib.
Sadalanan faktlarla bağlı sürücülər haqqında qanunamüvafiq tədbirlər görülüb.
Sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılmalı və növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.