“Son günlərdə uşaq və gənclər arasında kütləvi şəkildə yayılan baş və qarın ağrısı, ürəkbulanma, qusma, qızdırma və ishal halları rotaviruslarıdır. Rotaviruslar çox yoluxucudur, ribonuklein turşusu daşıyıcısı virusudur”.

Elxeber.com xəbər verir ki, bunu“Report”a açıqlamasında tibbi elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, bu virus mövsümi olaraq kütləvi şəkildə yayılır və sonra yoxa çıxır: “Virus həddən artıq yoluxucudur. Ağır diareya törədir. Uşaq orqanizminin su tutumu az olduğuna görə, ishaldan sonra bədən susuzlaşır və onlar xəstəxanaya adətən susuzlaşmış bədənlə daxil olurlar”.

A.Qeybulla vurğulayıb ki, virus daha çox inkefsion xəstəliklərin göstəriciləri ilə müşahidə olunur: “Bu virusu zəhərlənmə və qida toksik infenksiyaları ilə qarışdırmaq olmaz. Çünki bu infeksiyalar nadirən olur. Hazırda geniş yayılan virus isə fərqli qida yeyən şəxslər arasında müşahidə edilir”.

Professor qeyd edib ki, bu kimi hallarda ilkin tibbi yardım olaraq valideynlər uşaqlara apteklərdə satılan “Rehidron” duzunu həll olunmuş formada verməlidir ki, onlarda su balansı pozulmasın: “Daha sonra həkimə müraciət etmək lazmdır”.