Məlum olduğu kimi, bu ildən etibarən minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb. Bu, pensiya kapitalının minimum məbləğinə də təsirsiz ötüşməyib. Əvvəllər ən azı 34 560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, artıq bu rəqəm 40 320 manata yüksəlib. Bu rəqəmlər əhalidə narahatlıq yaradır. Səbəb gələcəkdə pensiya ala bilməmək, yaxud da işləməyinə baxmayaraq minumum pensiya almaq məcburiyyətində qalmaqla bağlıdır.
Ekspertlər gələcəkdə pensiya təminatını yaxşılaşdırmaq üçün fərqli çıxış yolları təklif edir.
Elxeber.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, özəl pensiya fondlarının yaradılmasına ehtiyac var: “Bizim təklifimiz ondan ibarətdir ki, dövlət pensiya yığımları ilə yanaşı, həm də özəl pensiya fondları formalaşdırılsın. Çünki Özəl pensiya fondlarının formalaşdırılması vətəndaşa imkan verəcək ki, həm dövlət, həm özəl pensiya fondlarına ödəniş edə bilsin. Bu zaman artıq vətəndaş pensiyaya çıxanda yalnız bir mənbədən deyil, iki mənbədən və ya iki pensiya almaq imkanına malik olacaq. Vətəndaşlarımıza yığımlar baxımından alternativ imkanların tanıdılması çox əhəmiyyətlidir. Bu istiqamətdə addımların atılmasına ehtiyac var”.
V.Bayramov kapitalın azlığı probleminə də toxunub: “Hələlik pensiya amnistiyasi var. Pensiya amnistiyası imkan verir ki, bir manat ödəniş edən vətəndaşımız da pensiyaya çıxmaq hüququ əldə etsin. Pensiya kapitalının indeksasiya mexanizminin təkmilləşdirilməsi də məqsədəuyğun olar. Mövcud qayadalara əsasən, pensiya özü əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur, amma pensiya kapitalı illik infilyasiya səviyyəsinə uyğun indeksasiya olunur. Bizim təklifimiz ondan ibarətdir ki, indeksasiya zamanı ən yüksək dərəcə olaraq, məsələn əgər infilyasiya dərəcəsi daha yüksəkdirsə, o zaman infilyasiya dərəcəsinə, amma əgər orta aylıq əmək haqqında olan artım daha yüksəkdirsə, o zaman orta aylıq əmək haqqındakı artıma indeksasiya olunsun. Bu da imkan verəcək ki, pensiya kapitalında daha çox artımlar müşahidə olunsun və pensiya kapitalındakı artımlar vətəndaşın pensiya çıxan zaman daha çox pensiya almasına imkan yaradacaq”.