Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı
üzərindən onlayn satışı həyata keçirilən mənzilləri ilk bron etmiş şəxslərə sms-bildirişlərin
göndərilməsinə başlanıb.
Nazirlikdən Elxeber.com-a daxil olan məlumata görə, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən göndərilən bildirişlərdə həmin şəxslər bron etdikləri mənzillərə baxış keçirmələri üçün (mənzilin yerləşdiyi yaşayış kompleksinin adı, ünvanı, baxış keçirilməsinin günü, saatı qeyd olunmaqla) dəvət olunur.
Baxış keçirildikdən sonra vətəndaş mənzili almaq istəyini təsdiq edərsə, həmin şəxslə akt imzalanaraq satış günü və yeri barədə ona məlumat veriləcək.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə (bir mənzili 3 şəxs bron edə bilər) keçir.
Bir deyil, iki və daha çox mənzili ilk bron etmiş şəxs həmin mənzillərin alışını ardıcıllıqla rəsmiləşdirməlidir.
Xatırladaq ki, satışa çıxarılan 1662 mənzil Bakının Ramana, Ümid, Kürdəxanı
qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir və artıq böyük hissəsi bron edilib.
Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.