Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı elmi konfrans keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Fransadakı səfirliyinin iştirakı, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının və “ALİM” elmi assosiasiyasının təşkilatçılığı ilə baş tutan konfransda Fransanın Lion, Strasburq, Qrenobl, Metz, Lil, Monpelye şəhərlərindən, İsveçrənin müxtəlif şəhərlərindən gələn qonaqlar, elm xadimləri, vəkillər, jurnalistlər və Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Konfransda məruzəçi qismində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Türk xalqlarının etnoqrafiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu çıxış edib. Novruz bayramının tarixi, yaranma səbəbləri və ənənələrindən danışan alim türk xalqlarının bahar bayramlarının bənzərliyi və s. barədə ətraflı məlumat verib. Novruzda alovlandırılan bayram tonqallarının şamanizmdən gələn saflaşdırıcı, sağaldıcı, gələcəkdən xəbər vermə gücünə inamdan gəldiyi, bayramın sülh və barış rəmzinə çevrildiyi nəzərə çatdırılıb.

Fransada Novruz bayramı ilə əlaqədar ilk dəfə təşkil edilən elmi konfrans tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Tədbir çərşivəsində Fransada fəaliyyət göstərən tanınmış rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli və Tulay Musanın Novruz mövzusuna həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.