Ukraynada hərbi əməliyyatlar nəticəsində 10 milyon insan yaşayış yerini tərk etməyə məcbur qalıb.

Bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi paylaşıb.

Qrandi deyib ki, bu insanların bir hissəsi Ukraynanın müxtəlif bölgələrinə sığınıblar, digər hissəsi isə qonşu ölkələrə pənah aparmalı olublar.

BMT-nin apardığı statistikaya əsasən, artıq 3,4 milyon insan Ukraynanı tərk edib. Qaçqınların 90 faizini qadın və uşaqlar təşkil edirlər.

UNICEF-in məlumatına görə, qaçqınlar arasında uşaqların sayı 1,5 milyona çatıb. Uşaqların insan alverinin qurbanına çevrilməsi təhlükəsi getdikcə artır.

Ukrayna əhalisinin təxminən dörddə bir hissəsinin qaçqına çevrilməsi İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük qaçqın problemi deməkdir.