İyunun 26-sı saat 21.00 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə yayıb. Bildirilib ki, 1989-cu il təvəllüdlü İlham Salmanov xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti qənaətbəxşdir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.