Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib.

Dövlət başçısı bu yaxınlarda Özbəkistan Prezidenti ilə telefon danışığını xatırlayaraq söhbət zamanı Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik etdiyini və əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasına malik olmasından məmnunluq ifadə edildiyini bildirib. Dövlətimizin başçısı əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistanın Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.

İkitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib.

Abdulla Aripov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını Prezident İlham Əliyevə çatdırıb və vurğulayıb ki, Özbəkistan Prezidenti həmişə dostu və qardaşı Prezident İlham Əliyevlə təmaslardan böyük məmnunluq duyduğunu bildirir.

Abdulla Aripov Özbəkistanda keçirilmiş seçkilərdən sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğulayıb ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.

Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox böyük uğurlar əldə etdiyini deyən Özbəkistanın Baş naziri Bakının inkişafının onlarda dərin təəssürat hissi yaratdığını deyib.

Qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və bu səfər çərçivəsində əməkdaşlığımızın hərtərəfli inkişafı ilə əlaqədar müəyyən edilmiş prioritet sahələr, bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edilib, iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulanıb, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edilib.