Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır.
Elxeber.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenə ünvanladığı məktubda yer alır.
Novruz bayramı münasibətilə Co Baydenin təbrik məktubuna və xoş sözlərinə görə təşəkkürünü bildirən dövlət başçısı deyib:
“Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən səmimi arzularımı çatdırıram.
Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur.
Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır. Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.
Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz töhfənin bariz təzahürüdür”.