"Azərbaycan türkcəsinin ortaq dil baxımından daha yaxşı olduğunu demişəm, yenə də eyni qənaətdəyəm. Mən bunu azərbaycanlı olduğum üçün demirəm, türkoloq kimi deyirəm".

Elxeber.com xəbər verir ki, bu açıqlamanı sabiq təhsil naziri, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov APA-ya müsahibəsində bildirib.

F.Cəlilov deyib ki, bu fikirdə olan təkcə o deyil: "Özü də bunu təkcə mən demirəm, Özbəkistanda ortaq türk dili ilə məşğul olan bir qrup var, oradakı professorların da yazılarında bizim dil daha üstün tutulur. Niyəsi isə sadədir: bizim dili onların hamısı başa düşür. Bu, Anadolu türkləri ilə Azərbaycan türklərinin danışdığı ortaq bir dildir. 80 milyon dediyimiz Anadolu və ətrafında, 40 milyon Güneydə, 10 milyon Azərbaycanda və digərlərini birləşdirsək, 150 milyona yaxın insanın başa düşdüyü və danışdığı dildir bu dil. Ortaq dil üçün bundan əlverişlisini tapmaq olarmı?".

Professor ortaq dil anlayışının reallığa nə dərəcədə yaxın olması məsələsinə də toxunub: "Realdır. Çünki bizim tarixdə bu ortaq dil olub. 19-cu əsrə qədər, yəni ruslar bu ərazilərə gələnə qədər bütün Qafqaz xalqları bizim indi danışdığımız dildə danışırdılar. Ləzgisi də, udini də, gürcüsü də, ermənisi də – hamısı".

Onun sözlərinə görə, bu haqda tarixi qaynaqlarda məlumatlar da var. Sabiq nazir qeyd edib ki, bu dili bilən adam bu regionda rahatlıqla gəzə bilər: "Ləzgi evində öz dilində danışırdı, amma bir türklə, gürcüylə danışanda məhz bu ortaq dildən istifadə edirdi. Bu regionda ortaq dil bizim türkcə idi, Orta Asiyada isə Cağatay türkcəsi. Bu iki dil əsas əlaqə vasitəsi sayılırdı".