Görkəmli alim, Nyu-York Elmlər Akademiyası və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Akademiyanın üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru,  AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin Elxeber.com-a müsahibəsi.  

-İslam müəllim, bir müddətdir ki, AMEA Radiasiya Problemləri İnstitutuna rəhbərlik edirsiniz. İnstitutun mövcud fəaliyyəti ilə bağlı nələri vurğulamaq istərdiniz?

- Bu dövrdə ciddi dəyişikliklər etməyə nail olmuşuq. İnstitutun yeni strukturu və elmi şurası təsdiq olunub, elmi-tədqiqatların əsas istiqamətləri olaraq ölkə Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Sərəncamına uyğunlaşdırmağa çalışmışıq. AMEA-nın Rəyasət heyətinin qərarlarına uyğun olaraq əsas resursları radiasiya haqqında elmin müasir problemlərinə yönəltmişik. Burada radiasiya təhlükəsizliyi, atom-hidrogen energetikası, bərpa olunan enerjilərdən istifadə əsas yerləri tuturlar.

-Dünyanın bir sıra elm ocaqlarında fəaliyyətiniz olub. Azərbaycanda akademiyanın, alimlərimizin fəaliyyətindən şikayətlənənlər çoxdur. Dünyanın qabaqcıl ölkələrində elmə olan yanaşma ilə Azərbaycanda mövcud sahənin fəaliyyətini müqayisəyə sığdıra bilərikmi?

- Mən 50 ilə yaxındır  elm sahəsində, qismən də təhsildə çalışıram. Dünyanın 50-yə qədər ölkəsində ixtisasartırma kurslarında oxumuş və elmi-mübadilə tədbirlərində iştirak etmişəm. İndi bu sahədə müqayisəli təhlillər apara bilərəm. Qeyd edim ki, elm sahəsi, xüsusilə onun aparıcı qüvvəsi olan Elmlər Akademiyası ölkəmizin ümumi inkişaf tempi ilə sinxron olaraq inkişaf edir. Hələ sovet dövründə də, nüfuzlu jurnallarda çap olunmuş məqalələrin , elmi dərəcəsi olan alimlərin sayına və s. göstəricilərə görə Sovetlər İttifaqının qabaqcıl respublikalarından biri olmuşduq. Hazırda da bu göstəricilərə görə ölkəmiz Cənubi Qafqaz ölkələri arasında birinci yeri tutur. Təbii ki, praktika ilə əlaqələrimizi genişləndirməyə ehtiyac var və bu sahədə ciddi addımlar atılır. Bəzi mətbuat səhifələrində və sosial şəbəkələrdə akademiyanın və alimlərimizin fəaliyyətindən şikayətlər ən azı insafsızlıqdır. İndi alimlərimiz milli elmi sərvətimizin zənginləşməsi üçün fədakarlıqla çalışırlar və tezliklə biz bunun nəticələrini görəcəyik. 

-Elmin hansısa bir qolunun inkişafında hər ölkənin özünəməxsusluğu və ya sifarişlər rol oynaya bilirmi?   

- Bəli, ətraf mühitin qorunması və təbii resurslardan, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə problemlərinin həllində ölkəninin təbii iqlim şəraitini, coğrafi mövqeyini nəzərə almaq lazım gəlir. Digər tərəfdən, spesifiklik həm də  ölkə iqtisadiyyatının inkişafında prioritet istiqamətlərlə bağlıdır.

-Azərbaycanın ekoloji problemlərini hər zaman diqqətdə saxlamısınız. İndi vəziyyəti necə dəyərləndirirsiniz?

- Burada görülən işin həcmi və real ekoloji şəraiti ayrı-ayrılıqda qiymətləndirmək lazım gəlir. Müstəqilliyin bərpasından, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından sonra həyata keçirilən fəaliyyətlər, xüsusilə ətraf mühitin qorunması sahəsində milli və beynəlxalq səviyyədə qanunvericiliyin inkişafı, qorunan ərazilərin genişləndirilməsi və Milli Parkların yaradılması, tullantıların idarə olunması və s. sahələrdə ciddi irəliləyişlər var. Bakı şəhəri və eləcə də Abşeron yarımadasında təbii-iqlim şəraitinin əlverişsiz olması hava şəraitinin idarə olunmasına və yaxşılaşdırılmasına mane olur. Su resurslarının qorunmasında və istifadə olunmasında iqlim dəyişikliklərinin rolu böyük olduğundan hələ də problemlər qalmaqdadır.

- Hazırda Azərbaycanda radiasiya fonu ilə bağlı vəziyyət necədir?

- Azərbaycanda təbii radiasiya fonu normaldır və insan həyatı üçün heç bir təhlükə törətmir. Amma antropogen mənşəli radiasiya mənbələrinin ətraf mühitə atılması həmişə müəyyən radiasiya riski yaradır. Ölkəmiz üçün Metsamor Atom elektrik stansiyasının yaratdığı risklər potensial təhlükədir.

- Radiasiya təhlükəsizliyi üçün hansı tədbirlər görülməlidir?

- Əvvəla bu sahədə radioekoloji monitorinq işləri davam etdirilməli, ölkə ərazisi üçün radiasiya fonu xəritəsi tərtib olunmalıdır. Bütün “qaynar nöqtələr” nəzərə alınmalıdır. Sonra alınmış bütün nəticələr bir elektron bazada toplanmalı və maraqlı tərəflərə təqdim olunmalıdır. Yeni istehsal və sosial obyektlərin inşası zamanı bu məlumatlardan istifadə olunmalıdır.

-Azərbaycan ərazisində antropogen təsirdən qaynaqlanan radiasiya mənbələrinin çoxluğu problemi necə həll edilməlidir?

- Əslində antropogen təsirdən qaynaqlanan radiasiya mənbələrinin sayı o qədər də çox deyil. Əgər diaqnostikada istifadə olunan Rentgen aparatlarını nəzərə almasaq onları barmaqla saymaq olar. Sadəcə olaraq onların istifadə olunduğu və saxlanıldığı yerlər mövcud qaydalarla idarə olunarsa, heç bir problem qalmaz.

-“Qara qızıl”ın ətraf mühitə vurduğu mənfi təsirlərin mövcud durumu ilə bağlı nə deyə bilərsiniz?

- Neftin çıxarılması, hazırlanması, nəqli və emalı proseslərində ətraf mühitə atılan tullantıların miqdarını biz öz tədqiqatlarımızda müəyyən etmişik. Bu tədqiqatlar göstərir ki, hazırda Azərbaycanda neft sənayesində ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq olunur, amma keçmişdən qalmış ekoloji problemlər hələ də narahatçılıq doğurur.

-İşğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması, təbii mühitin bərpası üçün hansı addımların atılmasına daha çox ehtiyac var?

- Əlbəttə fauna və floranın bərpası, su resurslarının qorunması, bütövlükdə ətraf mühitin reabilitasiyası prioritetdir. Burada monitorinqlər həyata keçirib risk mənbələrini müəyyənləşdirmək zəruridir.  Təşkil olunacaq istehsal sahələrinin təmiz texnologiyalara əsaslanması dövlətimiz tərəfindən müəyyən edilib. Bir sıra problemlər də var ki, onlar transsərhəd xarakter daşıyır və bu problemlərin həllinə beynəlxalq təşkilatların cəlb olunması vacibdir,  konvensiyaların müddəalarına əməl edilməsinə beynəlxalq nəzarət güclənməlidir.

-ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) açıqlayıb ki, atmosferdə karbon qazının miqdarı 1880-ci ildən bu tərəfə 44 faiz artaraq, 291 ppm-dən, 418 ppm-ə çatıb. Karbon qazının artmasının temperaturun yüksəlməsindən başqa daha hansı fəsadları var?

- Əvvəla temperaturun yüksəlməsi bir çox neqativ hadisələrə, buzlaqların əriməsinə, su resurslarının kəmiyyət və keyfiyyət dəyişmələrinə, quraqlığa, torpaqların deqradasiyasına səbəb olur. Karbon-dioksidin yerüstü konsentrasiyasının dəyişməsi, həm də hava keyfiyyətinə təsir edir. Bir sözlə karbon qazının qatılığının artması kompleks neqativ təsirlərə malikdir.

-Azərbaycanda alternativ enerji əldə etmək üçün kifayət qədər potensial mövcuddurmu?

- Azərbaycanın sosial-iqtisadi inkişafında kiçik və orta biznesin rolu böyükdür və bu rol getdikcə artacaq. Bu sektorda çoxlu sayda az enerjitutumlu istehsal sahələri mövcuddur. Bu sahələrdə Günəş və Külək enerjisindən istifadə etmək mümkündür və bunun üçün resurslar kifayətdir.

- Necə düşünürsünüz, hazırda gənclərin elmə çox meyil etməməsinin əsas səbəbi maddi məsələdirmi, yoxsa elmin çox zəhmət tələb etməsi faktoru da varmı?

-Zaman dəyişdikcə gənclərin fəaliyyət sahələrinə marağı ciddi dəyişikliyə uğrayır. Məsələn keçən əsrin 70-ci illərində, bizim nəslin tələbəlik dövrlərində gənclər fizikaya, riyaziyyata  daha çox meyl edirdilər, mühəndis olmaq istəyirdilər. 90-cı illərdə əsas maraq humanitar elm sahələrinə, xüsusilə hüquq elmlərinə idi, hamı hüquq-mühafizə orqanlarında işləmək istəyirdi. Hazırkı dövrdə biznes sahəsinə maraq artıb, iqtisad elmlərini daha çox oxuyurlar. Amma ümumiyyətlə elmi tədqiqatlarla məşğul olmağa maraq zəifləyib.  Burada çoxlu səbəblər var, o cümlədən maddı maraqlar.