Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi davam etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Elxəbər-ə verilən məlumata görə, Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Azərbaycan dili ilə yanaşı, gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.

Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 100-dən çox tələbə iştirak edir. Azərbaycan dilini daha yaxşı mənimsəmək  istəyən gənclər dərsdənkənar Azərbaycan dili kurslarının təşkil olunması xahişi ilə müraciət ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini bildirib.

Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Diaspor mərkəzində keçirilən Azərbaycan dili dərslərində fəal iştirak edirlər. Tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə publisistik mətnləri tərcümə etməyi bacaranlar da var. 

Dünyanın 57 ölkəsindən olan 600-dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə burada ödənişsiz təhsil alır.