Kəngərli rayonunun Qarabağlar kəndində orta əsrlərə aid yeni memarlıq kompleksi aşkar edilib.

Elxeber.com xəbər verir ki, bu barədə arхеоlоq, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev məlumat verib.

O bildirib ki, yeni memarlıq kompleksi kəndin mərkəzində xalq arasında “Ocaq” adlanan köhnə qəbristanlığın ərazisində yerləşir: "Memarlıq kompleksi bir-birinin yaxınlığında yerləşən dörd tikintidən ibarətdir. Bir-birinə birləşik şəkildə inşa edilən bu tikintilərin ikisi dördkünc formalı olub bişmiş kərpicdən əhəng məhlulu istifadə olunmaqla inşa olunmuş, çatmatağla örtülüb. Lakin hazırda bu çatmatağ dağıldığından abidə təbii aşınmaya məruz qalmaqdadır. Yerli əhalinin yaddaşında qalan məlumata görə bu qəbirlərdən birincisi imam Museyi Kazımın nəslindən olan, XIII əsrdə yaşamış Seyid Əhdi Qarabağlariyə aiddir. İkici türbədə Seyid Əhdi Qarabağlarinin övladı Seyid Xeyrulla Əhdi, onun həyat yoldaşı və qardaşının məzarı yerləşir. Verilən məlumata görə, bu abidənin üzərində olan naxışlı sənduqələr kitabə ilə birlikdə Sankt Peterburq Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Məlumata görə, səkkizguşəli formada olan üçüncü türbə XX əsrdə dəfələrlə dağıntıya məruz qalmış və xalq tərəfindən yenidən bərpa edilmişdir. Hazırda bu türbənin daş tikililəri qalıb".

Professor qeyd edib ki, memarlıq kompleksinə aid olan bu üç tikintinin memarlıq üslubunun tədqiqi onların XIII əsrə aid olmasını təsdiq edir: "Qeyd edək ki, Orta əsr mənbələrində kəndin adı Qarabağlar şəklində deyil, Qarabağ şəklində işlənib. Bu türbələrin ön tərəfində olan dördkünc formalı tikili daşdan, əhəng məhlulu istifadə olunmaqla inşa olunmuş və çatmatağla örtülmüşdür. Tikintinin biri şərqdə, digəri isə şimalda olan iki girişi var və digərlərindən fərqli olaraq üst örtüyü hələ tam dağılmamışdır. Xalq arasında bu türbənin içərisində Qarabağlar xanı Fərəc xana aid əmanət qəbrin olması ilə bağlı məlumat var. Mənbələrin məlumatına görə, Fərəc ağa Naxçıvan xanı Ehsan xanın qardaşı olmuş və Kəngərli soy adı daşımışdır. Qarabağlar kəndinin torpaqları da ona məxsus olmuşdur".

"Türbənin içərisində Abbas Kərbəlayi Qasım oğluna aid, hicri 1133(1720) tarixli bir baş daşı var. Bu isə türbənin əmanət qəbirlər üçün istifadə olunduğunu təsdiq edir. XVIII əsrə aid olan bu kitabə və Orta əsr memarlıq abidələri tariximizin və mədəniyyətimizin əvəzedilməz nümunələridir. Kəndin mərkəzində yerləşən, indiyədək gözdən uzaq qalan bu abidələrin qorunmağa və bərpaya ehtiyacı var",-deyə Vəli Baxşəliyev vurğulayıb.