Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) çoxaldılmasına başlanılıb.

Elxeber.com xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev məlumat verib.

O bildirib ki, adı “Qırmızı kitab"a salınmış bu nadir bitki növündən Qarabağ düzündə, xüsusilə də Sultanbud meşəsinin bərpasında geniş istifadə ediləcək: "Saqqız ağacı Azərbaycanda yabanı halda yayılan növ olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Respublikamızın meşə ərazilərində bu ağaclara az rast gəlinsə də, onun coğrafi arealı genişdir. Meşə ərazilərində təbii bərpaya kömək məqsədilə meşə fondu torpaqlarının seyrək sahələrində saqqız ağacı tingləri əkiləcək, eyni zamanda toxumları səpiləcək".