Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı paytaxt Kiyev də daxil olmaqla bir çox şəhərlər Rusiya tərəfindən vurulub.
Elxeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 04:50-dən sonra Xarkov, Kramatorsk, Mariupol, Nikolaiv və Odessa şəhərlərində, həmçinin Kiyevdə partlayışlar baş verib.
Xüsusən də Kiyevdə çoxlu partlayışlar olub, şəhərdə həyəcan siqnalı səsləri eşidilib.
Bəzi mülki şəxslər şəhəri tərk etməyə çalışarkən, bəziləri metro stansiyalarına və evlərinin zirzəmilərinə sığınıb.
Rusiyanın hücumları zamanı Xarkov şəhərində yaşayış kompleksinə ziyan dəyib. Ölən və yaralananlar olub.
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Belarus və Krımdan Ukraynaya hücum etdiyini açıqlayıb.
Ukrayna prezidenti Vlodimir Zelenski hücumdan əvvəl paylaşdığı videoda “Həyatımıza, azadlığımıza və uşaqlarımıza hücum edilərsə, özümüzü müdafiə edəcəyik, hücum etməyəcəyik, özümüzü müdafiə edəcəyik”,- deyə açıqlama verib
Zelenski daha sonra paylaşdığı videomüraciətdə Rusiyanın hücumuna görə ölkə daxilində hərbi vəziyyət elan etdiklərini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putinin Donbasa müdaxiləsi ilə Ukraynanın hərbi infrastrukturuna və sərhəd mühafizəsinə hücum etdiyini bildirən Zelenski, ölkəsinin bir çox şəhərində partlayış səslərinin eşidildiyini qeyd edib.
Zelenski vətəndaşları sakit olmağa və evlərini tərk etməməyə çağırıb.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığını bəyan edərək, "Ukraynanın dinc şəhərlərində hücumlar davam edir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və bunu etməlidir. Artıq hərəkətə keçmə vaxtıdır"-deyə açıqlama verib".
Rusiyaya qarşı dərhal sanksiya qərarlarının verilməsini tələb edən Kuleba, beynəlxalq ictimaiyyətə müraciət edərək, “Putinin ölkənizdə işğalı ilə bağlı həqiqəti paylaşın və hökumətləri təcili tədbirlər görməyə çağırın”-deyə, əlavə edib.
Ukrayna Silahlı Qüvvələri Donbas bölgəsində Rusiyanın 5 təyyarəsi və 1 helikopterinin vurulduğunu açıqlayıb.
Donbas bölgəsindəki Kramatorsk şəhəri üzərində döyüş təyyarələrinin uçuşu görüntülənib. Şəhər sakinləri Rusiyanın hücumlarından sonra vəziyyəti “dəhşətli” adlandırıblar.
Kramatorsk şəhər sakini Arkadiy vəziyyətin tezliklə düzələcəyinə ümid etdiyini və partlayış səslərinin eşidilməsinə baxmayaraq işə gedəcəyini bildirib.
Agentliyin yazdığına görə, Ukrayna vətəndaşları pul çıxarmaq üçün bankomatların qarşısında növbəyə düzülüb.