1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımdan 30 il ötür. Kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 

Adı bu siyahıda yer alan insanların hər biri ayrıca bir fərddir və onların başlarına gələni araşdırdıqda çox dəhşətli faktlar ortaya çıxır. Faciəni birbaşa özü yaşayanlarla yanaşı, onların yaxınları, doğmaları da insanlığa sığmayan vəhşiliyin qurbanlarıdır. Onların sayı bu siyahıda olanlardan daha çoxdur.

“Həsrət yolu” Əsir və Girovlara Kömək” İctimai Birliyinin sədri Esmira Orucova erməni təcavüzünün qurbanı olan əsirlər, girovların sonraki taleyi ilə  bağlı çoxsaylı tədqiqatlar aparıb. Ortaya çıxan faktlar göstərir ki, bu təcavüzə dözməyən və sonradan xəstəlik taparaq ölənlərin də sayı az deyil.  

Tədqiqatçının Elxeber.com-a açıqladığı bəzi faktları təqdim edirik. 

Ermənilər analarının gözü qarşısında iki qardaşı doğradılar

- Mülki əhalinin qorunması haqqında 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının II bölməsinin 16-cı maddəsinə əsasən, müharibə zamanı yaralılar və xəstələr, habelə əlillər və hamilə qadınlar xüsusi himayə və müdafiə edilməlidirlər. Lakin ermənilər bunun tam əksini etdilər. Onlar Xocalıdan girov götürdükləri yaralılara, xəstələrə  və qadınlara nəinki qəbul olunmuş beynəlxalq hüquq normalarına, hətta adi insani normalara sığmayan divan tutublar.

Bununla bağlı çoxsaylı faktlar var. Onlardan bir neçəsinə nəzər salaq. 

Ermənilər tərəfindən girov götürülmüş Səlimova Nənəş Səməd qızı... Erməni təcazvüzkarları ananın gözləri qarşısında iki oğlu - Səlimov Araz Bahadur oğlu və Səlimov Fəxrəddin Bahadur oğlunu tikə-tikə doğrayıblar.

N.Səlimova girovluqdan azad edildikdən sonra psixoloji gərginlik keçirir, övladlarının başlarına gətirilən müsibətlərə dözmür və vəfat edir.

Əldə etdiyimiz faktoloji materiallar çox məqamları ortaya çıxardı. Xocalını işğal edən zaman əsir və girovlara qarşı baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, qadınların süd vəzilərinin kəsilməsi, qızıl dişlərinin mismar çıxarmaq üçün istifadə edilən kəlbətinlə və çəngəllə çıxarılması, gənc oğlanların erməni qəbirlərinin üstündə qurbanlıq kimi kəsilməsi, dırnaqlarının çıxarılması, dəmir dəyənək və armatur parçaları ilə ölənə qədər döyülməsi, itlərə atılması, qızdırılmış dəmir xaçla bədənlərinə, xüsusilə də sinələrinə damğa vurulması, diri-diri tonqalda yandırılması, azyaşlı uşaqların gözləri qarşısında valideynlərinin işgəncələrlə öldürülməsi, qadınların gözləri qarşısında həyat yoldaşlarının yandırılması, uşaqların çarmıxa çəkilməsi və s. bu kimi  vəhşilikləri törədiblər.

Əsir və girovların çoxu ruhi xəstə oldular... 

Qarşı tərəfdən əsir və girovlara tətbiq edilmiş qeyri-insani rəftardan sonra onlarla insan ruhi xəstə vəziyyətində azad edilib. Xocalı faciəsi zamanı girov götürülüb sonradan azad edilmiş, mənəvi sarsıntılar içində yaşayan 40 qadın qısa vaxtdan sonra vəfat etdi. 

 

Əsirlərin arasında olan sağlam və cavan kişiləri insan orqanizminə ciddi zərər vuran sahələrdə-atom enerjisi və kimya sənayesində qul kimi işlətmək məqsədilə aparıblar. Girov götürdükləri mülki əhalinin arasından isə yaraşıqlı qadınları, qızları müxtəlif məqsədlər üçün ayırıb maşınlara doldurub, naməlum istiqamətlərə aparıblar. Həmin şəxslərin taleləri bu günə kimi naməlum olaraq qalır. Girov götürülmüş mülki əhalini yaşından və cinsindən asılı olmayaraq Dəhraz və Pircamal kəndlərində heyvanlar saxlanılan tövlələrə doldurub, soyuq qış aylarında günlərlə ayaqyalın, ac-susuz saxlayıblar. Kişilərə mənəvi və psixoloji işgəncələr veriblər. Onların gözləri qarşısında qadınları incidib, təhqir edib, onlara qarşı alçaldıcı hərəkətlər ediblər.

Erməni cəlladları tərəfindən uşaq vaxtı ailəsi ilə birlikdə girov götürülmüş Abışov Məhəmməd Kamal oğlu (1986) atası isə girovluqdan azad edilsə də, ruhi xəstəliyə düçar olub qısa vaxtdan sonra vəfat edib. Buna səbəb anasının gözləri qarşısında işgəncələrlə öldürülməsi olub. 

 Əbədi olaraq “türk xofu” 

Ermənilər öz uşaqlarında əbədi olaraq “türk xofu” yaratmaq məqsədi güdüb. Bunun üçün uşaqlarını aylarla  gigiyena və ictimai sağlamlıq qaydalarından məhrum etdikləri, üzləri qırxılmayan, antisanitariya vəziyyətində saxlanılan və buna görə qorxunc görkəm almış, cır-cındır geyimdə olan Xocalı əsirlərin saxlanıldıqları həbsxanalara  gətirirmiş. Əsirlərə sanki zooparkda saxlanılan əcaib məxluqlar kimi davranıblar. Qəzetləri yandıraraq azyaşlı uşaqlarının əllərinə verib və əsirlərin qırxılmamış saç-saqqalını yandırmaq - “türkə əzab verməklə” övladlarını əyləndiriblər. Ağrı-acıdan başlarını geri çəkən əsirləri isə uşaqlarının gözləri qarşısında, huşlarını itirənə qədər döyüblər. Xocalı sakini, əsirlikdən azad edilmiş Hüseynov Kamil Dadaş oğlu özünə və kamera yoldaşlarına qarşı dəfələrlə törədilmiş bu vəhşiliyi təsdiqləyə bilər. Ermənilər Kamili əsir götürən zaman gözləri qarşısında 5 yaşlı qızı Maralı vəhşicəsinə qətlə yetiriblər. Əsirlik dövründə Kamilə qarşı amansız olan erməni quldurları onun əl və ayaq barmaqlarının dırnaqlarını kəlbətinlə qoparıb, qızıl dişlərini çəngəllə çıxarıblar. 

Beş yaşlı uşağı acından öldürənlər...

Xocalı işğal olunan zaman Hüseynova Mehriban Allahverdi qızı (1964) üç azyaşlı övladı -Hüseynov Rəcəb Elxan oğlu (1987), Hüseynova Səbinə Elxan qızı (1988) və yeni doğulmuş Hüseynov Məshəl Elxan oğlu (1992) ilə birlikdə girov götürülüb. Onlar bu günə kimi qaytarılmayıb. Ermənilər Mehribanın 5 yaşlı oğlu Rəcəbi  İrəvan Mərkəzi İstintaq Təcridxanasında acından öldürüblər. Bu məlumatı həmin vaxt İrəvan Mərkəzi İstintaq Təcridxanasında saxlanılmış, sonradan əsirlikdən azad edilmiş, Ucar rayon sakini Məmmədov Mayıl Məhəmmədəli oğlu verib [21, s.301]. Onun bildirdiyinə görə, Rəcəb bütün günü “çörək”, - deyə fəryad edib. Ac uşağın səsindən təcridxanada saxlanılan əsirlər dəhşətə gəliblər. Bir gün uşağın səsi gəlmədiyi üçün erməni nəzarətçidən onu soruşan M. Məmmədova, nəzarətçi 5 yaşlı Rəcəbin öldüyünü deyib. Lakin bu günə kimi Rəcəbin meyidi də qaytarılmayıb...