İstanbul "taxıl dəhlizi" sazişi çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin sabah açılışı olacaq.
Bu barədə Türkiyə mətbuatı yazıb. Qeyd olunub ki, ölkənin milli müdafiə naziri Hulusi Akar sabah Milli Müdafiə Universitetində İstanbul "taxıl dəhlizi" razılaşması çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin açılışını edəcək.
Ukrayna Limanlar Administrasiyasından verilən açıqlamada bildirilib ki, 22 iyul 2022-ci il tarixində taxıl və ərzaq məhsullarının dəniz yolu ilə ixracına dair sənədin imzalanması ilə əlaqədar olaraq, Odessa, Çornomorsk və Yujnı limanlarının yenidən açılması üçün hazırlıq işləri aparılır.
Açıqlamada gəmilərin karvana daxil olması üçün müraciət edilməsi lazım olduğu vurğulanıb və bu gəmilərin qeyd olunan limanlara giriş-çıxışının bir gəminin rəhbərliyi altında həyata keçiriləcəyi bildirilib.
Məlumatda vurğulanıb: "Bütün dünyaya təsir edən ərzaq böhranının həlli Türkiyədən gəldi. Rusiya və Ukrayna ilə yaradılan yaxşı münasibətlər tarixi imzalarla başa çatdı. Ukrayna limanlarında ilişib qalan 25 milyon ton taxılın daşınma problemi İstanbulda həllini tapıb".
Qeyd edək ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü sənədi” imzalanıb.