“Görmə qabiliyyətimi itirdikdən sonra 8 il özümə qapandım. Bu illər ərzində Yaradana üsyan etdim, depressiyaya düşdüm. Elə hey özüm-özümə sual verirdim. Niyə belə oldu axı? Niyə mən görmürəm? Keşkə gözlərim görəydi...”

Amma Sənə baxanda çox gülərüz, nikbin insan təsiri bağışlayırsan...

- İndiki vəziyyətimə gəlmək üçün xeyli yol qət etməli oldum. Oxudum, öyrəndim. Öyrəndikcə də Yaradanı və bütün yaradılanları daha çox sevməyə başladım.

O zaman gəl əvvəldən başlayaq..

Haşiyə: Söhbətimizin qəhrəmanı Lalə Bəyişovadır. Beyləqan rayonunda doğulan Lalə xanım görmə qüsurludur.

Şəbnəm Qızlar İslam Kollecinin müəllimidir. Gözlərinin görmə qabiliyyətini ilk gənclik çağında itirib. Özünün dediyinə görə, gözləri ilə görməsə də, qəlbi ilə dünyanı, onun gözəlliyini çox dərindən duya, hiss edə  bilir.  

- Beyləqan rayonunda doğulmuşam. Özümü tanıyandan gözlərimdə zəiflik olduğunu xatırlayıram. Amma əvvəlcə  zəif  də olsa,  60-70 faiz görmə qabiliyyətim var idi.  Elə ona görə görənlərin sinfində təhsil alırdım. 11-ci sinifdə isə artıq kitabları oxumaqda çətinlik çəkirdim.

Məktəbi bitirdikdən sonra gözlərim daha çox  zəifləməyə  başladı. Artıq kitabları oxuya bilmirdim. Nə qədər müalicə alsam da, həkimlərin irsi dediyi xəstəliyi sağaltmaq mümkün olmadı. Göz dibinin distrofiyası, sonra toyuq korluğu dedilər. Nə bilim, müalicə üçün İrana getdim. Amma nəsə alınmadı. Məktəb illərində gözlərim zəif olsa da dərslərimlə yanaşı, bədii kitabları oxumağı da çox sevirdim. İlyas Əfəndiyevi  bəyənirdim və ən çox onun kitablarını oxumuşam. Başqa yazıçı və şairləri də oxuyurdum.

Həkim demişdi ki, gözlərimə güc salmaq olmaz. Anam dərzi idi. Ona görə ev işlərində ona çox kömək etməli olurdum. Bununla bərabər çox kitab oxuyurdum. Gözlərimi gücə salırdım. Zamanla görmə qabiliyyətimi demək olar ki, itirdim. Cəmi bir-iki faizi qaldı. 2003-2004-cü illərdə gözülərim artıq heç nəyi seçmirdi.  

Bu,  mənə çox pis təsir etmişdi. İçimdə sanki Allaha qarşı bir üsyan başladı. Elə hey öz-özümə soruşurdum. Niyə gözlərim belə oldu? Nə üçün mən görə bilmirəm. Kaş ki, belə olmayaydı. Çox sıxıntı keçirirdim.  8 il həmin üsyan vəziyyətində evdə oturdum.

Qaranlıqdan işığa doğru...

Düşdüyüm vəziyyətdən özümü çıxarmaqda çətinlik çəkirdim. Bildiyim bir neçə dualar var idi. Onları təkrarlayırdım, özümə təsəlli axtarırıdım.

2008-ci ildə rayona Aysel adlı bir müəllimənin gəldiyini eşitdim. İndiki Şəbnəm Qızlar İslam Kollecində təhsil aldıqdan sonra rayona gələn həmin müəllim dayısının evində qalırdı. Quran oxumaq, dini biliklər haqqında öyrənmək istəyənlərə dərs verirdi. Kollec 2005-ci ildən fəaliyyət göstərsə də, mənim  bu barədə məlumatım yox idi. Aysel müəllim bir dəfə bizə gəldi və mənə təklif etdi ki, onun dərslərinə qatılım.

Beləcə, mənim qaranlığımın işığa çevrilməsi prosesi başlandı. Müəllim namaz qılmağı və  bir sıra bilikləri öyrətsə də,  Quranı ancaq görənlərə öyərdirdi. Gözü görməyənlər üçün ancaq Bakıda öyrənmək imkanı var idi. Onun məsləhəti ilə mən Bakıya, Şəbnəm Qızlar İslam Kollecinə gəldim və elə məktəbdə də yaşamağa başladım.

Qeyd edək ki, Şəbnəm İslam Qızlar Kollecində regionlardan gələn, Bakıda yaşamağa yeri olmayan tələbələr üçün hər cür şərait yaradılıb. Onların burada bilik öyrənməsilə yanaşı, yaşamaq,  qidalanmaq kimi ehtiyacları da təmin olunur.  Məktəb yüksək səviyyədə mühafizə olunur. Lalə müəllimə ilə görüşməyimizə şərait yaradan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər xanım Cavadlının sözlərinə görə, kollec görmə problemləri olan bütün qızların üzünə açıqdır. Məktəbdə qızlara dini və dünyəvi bilklərin verilməsi ilə bərabər milli-mənəvi dəyərlər də aşılanır. Yemək bişirmək, süfrə hazırlamaq, tikiş tikmək kimi peşələr də öyrədilir. Lalə Bəyişova da vaxtilə bu məktəbin qapısından içəri girib və üsyankar qızcığazdan həyat dolu bir müəlliməyə çevrilməyi bacarıb.

-Məktəbə gələndən sonra ilk növbədə  Brayl əlifbasını, Quranı ərəbcə oxumağı öyrəndim.  Latın hərflərini də öyrəndim, çünki başqa dərslərdə yazı yazmaq üçün mənə lazım olurdu. Bir aya, bəlkə daha tez öyrəndim. Əl hissiyatımın güclü olması bu işdə köməyimə çatdı.

Bəzi insanlar gec, bəziləri tez öyrənirlər.  3 il məktəbdə təhsil aldım və elə burada qaldım. Müəllimə ehtiyac olduğuna görə mənə iş verdilər. İndi tələbələrim var və onlara Quran oxumağı, eyni zamanda ərəb dilini öyrədirəm. Gözləri görən tələbələrə isə dini nəğmələr (ilahilər) öyrədirəm.

Lalənin çox gözəl, məlahətli səsi var. Müsahibə arasında oxuduğu ilahi ilə bizi sehirləməyi bacarır...

- Boş zamanım olan kimi öyrədəcəyim dərslərlə bağlı araşdırma aparır, internetdən müxtəlif materialları tapıb dinləyirəm. İşimi çox böyük həyəcan və sevgi ilə edirəm. Bilirəm ki, Allahın sözlərini öyrətdiyim üçün Yaradan mükafatımı verəcək. Quran bizim üçün bir nurdur. Deyim ki,  2008-ci ildə dərsə başladım və 2011-ci ildə bitirdim. Yəni, artıq  uzun illərdir ki, müəllimə kimi fəaliyyət göstərirəm. Tələbələrimdən məzun olanlar çoxdur.

Burada öyrəndiklərimiz bizi həyata hazırlayır. Dini bilikləri öyrəndikcə anladım ki, Allahın ən çox sevdiyi qulları olan peyğəmbərlərin də başına çox müsibətlər gəlib. Həyatda qarşımıza çıxan imtahanların, çətinliklərin bizim xeyrimizə olduğunu, müsibətlərin imtahan olaraq göndərildiyini öyrəndikdən sonra üsyan hisslərim yox oldu. Həyatda yaxşı işlər görməyin, xeyirxah, vicdanlı insan olmağın nə qədər vacib olduğunu anladım.

Könül adında tələbəm var idi. Texnikumu bitirdikdən sonra gözü qəfildən zəifləyib və 10 günün içində işığını itirmişdi. Diplomunu almağa gedə bilməyib, əvəzinə anası gedib. Məndə zəifləmə prosesi yavaş-yavaş getdiyi üçün vəziyyəti qəbullana bilirdim. Könüldə görmə qəfildən zəiflədiyi üçün daha çətin vəziyyətə düşdür. Kollecdə iki il oxuduqdan sonra həyata nikbin baxmağa, depressiyadan çıxmağa nail oldu.

Klassiklərimizi oxumaq istəyir...

Lalə müəllimə söhbətin əvvəlində orta məktəbdə çoxlu kitablar oxuduğunu bildirmişdi.  İndi yenə bu arzusunu reallaşdırmaq istəyir. Amma bunun üçün Brayl əlifbasında olan çoxlu kitablar lazımdır.

- Eşitmişəm ki, M.F,Axundov adına Milli Kitabxanada Brayl əlifbası ilə olan çox kitablar var. Gedib maraqlanacağam. İstərdim ki, Nizami Gəncəvinin əsərləri Brayl əlifbasında olsun. Məhəmməd Füzulinin əsərlərini, xüsusilə “Su qəsidəsi”ni çox sevirəm. Klassik ədəbiyyatı çox xoşlayıram. Gözlərim  görəndə çox oxuyurdum. Şagird yoldaşımın nənəsi kitabxanada işləyirdi. O gətirirdi, mənə də verirdi.

Bizim məktəbdə Brayl əlifbası ilə olan çoxlu dini  kitablar var.  Latın əlifbası ilə yazılmış kitabları oxuyuram. 300 səhifəlik bir kitabı bir həftəyə bitirə bilirəm. Daha tez də oxumaq olar. Amma 20 səhifə oxuduqdan sonra barmaqlarım keyləşir. Biz əlimizi sürtüb oxuyuruq. Qabarcıqlar əllərimi keyləşdirəndə oxudqularımı hiss etmir və başa düşmürəm. Gərək dincələm...

Lalə necə yazdığını həvəslə göstərir, sürəti artırdıqca ətarfı tıqqıltı səsləri bürüyür

- Yazmaq üçün xüsusi alətimiz var. Onunla kağızda yazıram. Əlimi kağızda yaranan qabarcıqlara vurduqca hansı hərf olduğunu bilirəm. Anadangəlmə görmə qüsurları olanlar da var. Gözü sonradan tutulanların hissiyatı gec açılsa da, anadangəlmə görməyənlərin əl hissiyyatı daha güclü olur. Bir də ki, hər iş vərdişdən asılıdır. Oxuduqca hisiyyat güclənir. Sevgi olduqdan sonra isə istənilən vəziyyətdə öyrənmək mümkün olur.

 Lalənin müəllim yoldaşlarından Nahidə xanım deyir ki, biz (yəni gözləri normal görənlər) əlimizi o qabarcıqlara sürtəndə  qısa zaman sonra barmaqlarımızın ucunda heç bir şey hiss etmirik və əlimizi sürtmək istəmirik: “Amma Allah  onlara xüsusi güc verir. Lalə mükəmməlliyi sevən insandır. İstər dərslərinə hazırlaşmaqda, istərsə geyim məsələsində çox diqqətli davranır, səliqəli geyinir. Dərslər arasında  olan çay saatımız  üçün çox gözəl şirniyyatlar hazırlayır”.

 - Hə düzdü, yemək bişirməyi çox sevirəm. Uşaqlıq yaşlarımdan yemək bişirirəm, müxtəlif şirniyyatlar hazırlayıram. Əvvəldən lazım olan məhsulları yanıma yığıram ki, asan olsun. Deyirlər ki, dadlı bişirirsən. Ona görə dadlı çıxır ki, sevgi ilə hazırlayıram. Qonaqlara ikram etməyi də çox xoşlayıram.

Mənə deyirlər ki, paltarının rənglərini necə uyğunlaşdırırsan?  Azacıq seçə biləcəyim rənglər olanda bəzən özüm tutuşdururam. Özüm görə bilməyəndə isə soruşuram. Deyək ki,  geyimin əsgər yaşılı rəngində olduğunu deyirlər. Yadımda saxlayıram və fikirləşirəm ki, bu rəng krem rəngli yaylıqla yaxşı gedər. Uşaqlıqdan gözəl geyimlərə, rəngləri uyğunlaşdırıb geyinməyə həvəsliyəm.

Ən çox sevdiyim rəng mavidir. Dənizi çox sevirəm. Küləkli havada deyirəm ki, məni dənizə aparın, səsini dinləyim. Dəniz insanın hüznünü götürür.

 Gələcəklə bağlı hansı arzuların var?

-Təhsil aldığım məktəbi, kursu təşkil edənlərdən Allah razı olsun. Öyrənməyimə, faydalı insan olmağıma vəsilə oldular.

Tələbələrimin sayının çox olmasını istəyirəm.

İstərdim ki, Brayl əlifbası ilə çox kitablar olsun ki, biliklərimi daha da artırım. Dərslərə hazırlaşmaq üçün internetdən çox istifadə edirəm. Dinləyərək öyrənirəm.  Bir də Həcc ziyarətinə getməyi arzulayıram...