1995-ci ilin iyulunda Srebrenitsada törədilən soyqırımda öldürülən və şəxsiyyəti müəyyən edilən daha 50 soyqırım qurbanı bu gün dəfn olunacaq.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, günün ikinci yarısında İkinci Dünya Müharibəsindən sonra Avropanın ən böyük insanlıq faciəsi kimi qiymətləndirilən soyqırımda öldürülən və şəxsiyyəti müəyyənləşdirilən 50 qurbanın cənazə namazı qılınacaq. Cənazə namazından əvvəl Srebrenitsa Memorial Mərkəzində soyqırımının 27-ci ildönümü ilə bağlı anım proqramı təşkil olunacaq. Bu il dəfn olunacaq soyqırım qurbanlarının ən gənci öldürüləndə 16 yaşı olan Salim Mustafiç, ən yaşlısı isə 59 yaşlı Huseyn Krdziçdir.

Qeyd edək ki, Srebrenitsanın 11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında Serb qoşunları tərəfindən işğal edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilindəki hollandiyalı əsgərlərə sığınan mülki boşnaklar daha sonra serblərə təhvil verilib. Qadın və uşaqların bosniyalı əsgərlərin nəzarətində olan əraziyə gəlməsinə icazə verən serblər meşəlik ərazilərdə, fabriklərdə və anbarlarda ən azı 8372 bosniyalı kişini qətlə yetiriblər. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb.

Müharibədən sonra itkin düşənlərin tapılması istiqamətində işlərin aparılması ilə cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar, şəxsiyyətləri müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə dəfn edilir.

Builki mərasimdən sonra məqbərədə dəfn edilən qurbanların sayı 6721 nəfərə yüksələcək.