“Mənası açıq olan ərəb dili ilə” Həzrət Peyğəmbərə (s) nazil olan Qurani-Kərim möminlərin şəxsi və ictimai həyatlarını nizama salan bəzi hökm və ayələri əhatə edir. Ancaq təkcə ərəb dilini bilməklə bu hökmləri tam mənası ilə başa düşmək mümkün deyil. Quran keçmişdəki ümmətlərin, xüsusilə Əhli-kitabın zəlalətə düşdükləri mövzulardan xəbər verir, təhrif etdikləri məsələləri düzəldir və ixtilafa düşdükləri məsələləri həll edir. Həmçinin burada gələcəkdə baş verəcək bəzi hadisələrə və kəşflərə işarə olunur, axirət həyatı haqqında ətraflı məlumat verilir. Quranda mütəşabeh, yəni mənası eynilə deyildiyi kimi olmayan, bənzətmələr və məcazlarla vurğulanan, əsl mənanın dolayı yolla izah olunduğu ayələrə, mübhəm qalmış xüsuslara da rast gəlmək mümkündür. Odur ki, bu Kitabı başa düşmək hamı üçün eyni dərəcədə mümkün deyil. Bu baxımdan, Qurani-Kərimin təfsirinə ehtiyac vardır.

Hər bir elmin özünəməxsus məqsədi və mövzusu vardır. Təfsir elminin məqsədi isə Quranın əhatə etdiyi zəngin mənaları açıqlamaqdır. Qurani-Kərimin ilahi qoruma altında olduğu, göndərildiyi andan qiyamətə qədər öz orijinallığını qoruyub saxlayacağı həqiqəti “əl-Hicr” surəsinin 9-cu ayəsində bu şəkildə ifadə olunmuşdur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”. Bununla belə, Quran ayələri işığında reform hərəkətlərinə baş vurulması və müasir məsələlərin ələ alınması təfsirdə yeni dövrün başlanması və yeni təfsir cərəyanlarının meydana çıxmasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, “təfsir” sözü etimoloji baxımdan “fəsr” kökündən olub, “təfil” babında məsdərdir. “Fəsr” lüğətdə “bir şeyi izah etmək”, “ortaya çıxarmaq”, “üstüörtülü bir şeyi açmaq” kimi mənalara gəlir. Eyni zamanda, bu söz çoxluq mənasına dəlalət edən artırılmış bir qəlibdən gəldiyi üçün “fəsr”in ən qüvvətlisidir və “tam açmaq”, “açıqlığa çıxarmaq”, “izahına qovuşdurmaq” mənalarını da ifadə edir. “Fəsr” sözü Qurani-Kərimdə də bu mənada işlədilmişdir. “(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək” [“Furqan”, 33].

Ancaq ərəb filoloqlarının bir qisminə görə təfsir “səfr” kökündən əmələ gəlmişdir. Buna görə, kəlmədə hərflərin yerdəyişməsi baş vermişdir. “Səfr” məsdəri də ərəblər arasında “bağlı olan bir şeyi açmaq”, “aydınlatmaq”, “ortalığa çıxartmaq” kimi mənalarda işlədilməkdədir. Bu səbəbdəndir ki, qadın üzünü açdıqda ərəblər “səfərətil-məratu” deyirlər.

Emin əl-Xuliyə görə, həm “fəsr”, həm də “səfr” məsdərlərinin ikisində də “kəşf etmək”, “açığa çıxarmaq” mənaları olsa da, “səfr” kəlməsi ilə maddi, “fəsr” kəlməsi ilə isə mənəvi kəşf nəzərdə tutulur. Bu səbəbdən mənəvi olduğuna görə “təfsir” “fəsr” kökündən əmələ gəlmişdir.

Qurani-Kərimin təfsiri dedikdə ağıla ilk olaraq Həzrət Peyğəmbər (s) gəlir. Çünki o, təbliğlə yanaşı, təbyin vəzifəsi ilə də mükəlləf idi. Müqəddəs Kitabımızda Allah Rəsuluna (s) bununla bağlı belə xitab olunur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” [“Maidə”, 67].

“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” [“Nəhl”, 44].

Həzrət Məhəmmədin (s) Qurana dair bəyanlarının sayı mövzusunda alimlər fərqli fikirlər irəli sürmüşlər. Bir qrup alimə görə, Allah Rəsulu (s) Quranın yalnız bəzi ayələrini təfsir etmişdir. Bu fikri Qəzzali irəli sürmüş, Süyuti isə onu dəstəkləmişdir.

Başqa bir qrupun  fikrincə isə Məhəmməd peyğəmbər (s) Quranı bütünlüklə təfsir etmişdir. Bu fikri ilk dəfə İbn Teymiyyə irəli sürmüşdür.

Rəvayət və təfsir kitablarındakı məlumatlara əsasən belə nəticəyə gələ bilərik ki, Həzrət Peyğəmbər (s) Quranı bütünlüklə təfsir etməmişdir.

Allahın Rəsulunun (s) Quranı təfsir etməsi aşağıdakı yollarla baş vermişdir:

- Ayəni oxuyaraq təfsir etməsi: Məhəmməd peyğəmbər (s) əshabını məlumatlandırmaq məqsədi ilə ayəni oxuyur, sonra isə onu təfsir edirdi.

- Suallar soruşaraq təfsir etməsi: Rəsulullah (s) bəzən qulaq asanların diqqətini cəlb etmək üçün ayə haqqında suallar soruşar, sonra onu təfsir edərdi.

- Sözünə dəlil olsun deyə ayə oxuyub təfsir etməsi: Allahın Rəsulu (s) bir hökmü çatdırdıqdan sonra və ya bir nəsihətin ardınca həmin xüsusla əlaqəli bir ayə oxuyar, sonra təfsir edərdi.

- Səhabənin suallarına əsasən ayələri təfsir etməsi: Qaynaqların bildirdiyinə görə, səhabələr bəzi ayələrlə əlaqəli Peyğəmbərə (s) suallar verərdilər, Rəsulullah (s) da cavab olaraq ayəni təfsir edərdi.

Aşağıda Həzrət Məhəmmədin (s) Qurani-Kərimin təfsirinə dair verdiyi bir neçə nümunəni təqdim edirik: “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” [“Ənam”, 151] ayəsi ilə əlaqədar Həzrət Peyğəmbər (s) belə bir izah gətirmişdir: “Allahdan başqa tanrı olmadığına və mənim Allahın rəsulu olduğuma iman edən heç bir müsəlmanın qanı halal olmaz. Ancaq bu üç şeydən birini edərsə xaric: adam öldürmək, evli ikən zina etmək və dindən çıxıb müsəlmanlardan ayrılmaq” [“əl-Qəsamə”, 6].

“Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!” [“Yunus”, 26] ayəsindəki “artıq”lıq Allah Rəsulunun (s) bildirdiyinə görə, möminlərin cənnətdə Allahın camalını görmələridir. Rəvayətə görə, peyğəmbər, “cənnətlik olanlar oraya daxil olanda Uca Allah buyurur: “Əlavə bir şey istəyirsinizmi?” Sonra Allah camalını onlara göstərir. Artıq onlar Rəblərinə baxmaqdan daha sevimli bir nemət görməzlər” buyurmuş, sonra da həmin ayəni oxumuşdur.

Peyğəmbərdən (s) sonra təfsir işini Səhabeyi-kiram davam etdirmişdir. Onlar Allahın Kitabını bilən, onun sirlərinə vaqif olan və onun hidayəti ilə irşadı tapan insanlar idilər. Onlardan müfəssir olanlar çoxdur. Ancaq aralarından on nəfər fərqlənir: Əli ibn Əbu Talib, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Ubeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Musa əl-Əşəri, Abdullah ibn Zübeyr, Salman Farisi, Hüzeyfə ibn əl-Yəman və Əbu Əyyub Ənsari. Səhabələr arasında Abdullah ibn Abbas təfsir elmindəki xüsusi yeri ilə seçilir. Həzrət Məhəmməd (s) öz əmisi oğlu Abdullah üçün belə dua etmişdir: “Allahım, dində onu fəqih et və ona təvili öyrət”. Həmçinin Allah Rəsulu (s) onu “Tərcümanül-Quran” adlandırmışdır.

Daha sonra təfsir işini tabiun davam etdirmişdir. İslam dini daha geniş ərazilərə yayıldıqca səhabənin elmdə seçilib-fərqlənən nümayəndələri tədris halqaları qurmuş, Qurandan başa düşdüklərini və Həzrət Peyğəmbərdən (s) öyrəndikləri təfsiri tədris etmişlər. Bu fəaliyyətlərin nəticəsində onların tələbələri olan tabiunun aşağıdakı məktəbləri yaranmışdır:

1. Mədinə mədrəsəsi: Ubeyy ibn Kəb tərəfindən qurulmuşdur. Nümayəndələri: Əbul-Aliyə, Məhəmməd ibn Kəb əl-Qurazi, Zeyd ibn Əsləm.

2. Kufə mədrəsəsi: Abdullah ibn Məsud tərəfindən qurulmuşdur. Nümayəndələri: Məsruq ibn əl-Əcda, Əsvəd ibn Yezid, Mürrə ibn əl-Həmədani, Amir əş-Şabi, Həsən əl-Bəsri, Qətadə ibn Diamə, İbrahim ən-Nəhai. Qeyd etmək lazımdır ki, Kufə mədrəsəsi rəy mədrəsəsi olaraq tanınır.

3. Məkkə mədrəsəsi: Abdullah ibn Abbas tərəfindən qurulmuşdur. Nümayəndələri: Said ibn Cubeyr, Mücahid ibn Cəbr, İkrimə, Ata ibn Əbi Rabah, Tavus ibn Keysan.

Ancaq təfsir elmi ətbaut-tabiun dövründə formalaşmışdır. İlk təfsir kitabı yazanın Fərra (vəfatı: 207/822) olduğu haqqında mülahizələr yayılsa da, bu fikir təsdiqini tapmamışdır. İlk təfsir kitabının müəllifi kimi Müqatil ibn Süleyman (vəfatı: 150/767) tanınır.

Müsəlmanlar ilk dövrlərdə daha çox gündəlik və praktik mövzularla əlaqəli ayələrə yönəlirdilər. Bu mövzular daha çox etiqad, ibadət, əməli hökmlər və əxlaqla əlaqədar idi. Ancaq sonralar inanc və düşüncə ilə əlaqəli ayələr ön plana çıxmış, Quran qissələri, əxlaq və nəfs tərbiyəsinə dair mövzular müzakirə obyektinə çevrilmişdir. Quranın elmi və sosial yönləri ilə əlaqəli ayələrə yönəlmələr isə daha sonralar baş vermişdir.

Quranın verdiyi məlumatlar heç bir mövzu ayrılığına tabe tutulmamış, əksinə, birlik içərisində təqdim olunmuşdur. Yəni, məsələn, fiqhlə əlaqəli ayələr insanların nəzərinə imanla əlaqəli ayələrdən ayrı çatdırılmamış, bütünlüyə riayət olunmuşdur. Halbuki sonrakı dövrlərdə bu mövzular insanlar tərəfindən ayrılmağa məhkum olunmuş və onlardan biri digərlərinə nisbətən irəli çəkilmişdir. Bu isə Qurana yönəlmədə fərqliliklərə səbəb olmuşdur.

Qurana yönəlmədə fərqliliyin iki əsas səbəbi vardır:

Birincisi: Quranın ləfzindən və üslubundan qaynaqlanan ixtilaf

a) Qiraət ixtilafları;

b) Bəzi ayələrin mütəşabeh olması;

aa) Sözlərdəki mütəşabehlik;

bb) Mənadakı mütəşabehlik;

cc) Həm söz, həm də mənadakı mütəşabehlik;

dd) Həqiqət və məcaz ixtilafları.

İkincisi: Təfsirçilərdən qaynaqlanan ixtilaflar

a) İnsan olması xüsusiyyətindən qaynaqlanan ixtilaflar;

b) Vəzifəsindəki kimliyindən qaynaqlanan ixtilaflar.

Təfsir elminin əsas məqsədi Qurani-Kərimdəki müşkül olan sözlərin mənasını kəşf etmək və Quranın mesajını doğru şəkildə insanlara çatdırmaqdır. Yəni təfsirin qayəsi hidayətin yollarını açıq-aşkar şəkildə insanlara göstərməklə onların dünya və axirətdə xoşbəxtliyini təmin etməkdir.

Bütün təfsir cərəyanlarına müəyyən vaxtlarda qarşı çıxanlarla yanaşı, Müqəddəs Kitabımızı təfsirə yönələn hər cərəyanda zənginlik və məntiq tapanlar da olmuşdur. Bu cərəyanlarda görünən fərqliliklər onların çatışmazlığı deyil, əksinə, insanların hər cür ehtiyaclarına cavab verə bilməsi üçün Qurani-Kərimin hərtərəfli kitab olduğunu, məhz elə insanlar üçün nazil olduğunu sübut etməkdədir.

İslamın öz təməlindən yaranıb, lakin kənar müdaxilələrlə formalaşmış Qurani-Kərim təfsirlərinə bütün təfərrüatı ilə zamanlarındakı elmi və mədəni fəaliyyətləri ilə müfəssirin yaşadığı cəmiyyətin vəziyyətlərini əks etdirən bir ayna gözüylə baxılmalıdır.

Bunun üçün təfsirlər sadəcə müqəddəs Kitabın açıqlaması kimi görülməməli, eyni zamanda onların bir cəmiyyətin sosial, mədəni, elmi tarixi üçün ən mühüm qaynaqlardan olduğu nəzərdən qaçırılmamalıdır. Fərqli səbəblərlə cəmiyyətin ehtiyacları artdıqca bu yeni ehtiyaclara cavab verəcək Quran-Kərim təfsir cərəyanlarının da davam edəcəyi inkarolunmaz həqiqətdir.

Qurani-Kərim təfsirləri rəvayət və dirayət təfsirləri olmaqla iki yerə bölünür. Rəvayət təfsiri Quranın özünə, hədislərə, səhabə və tabiun rəvayətlərinə görə müqəddəs Kitabın şərh edilməsidir. Dirayət və ya rəy təfsirlərində isə yuxarıda qeyd olunanlarla yanaşı, müfəssirin öz görüşlərinə də yer verilir. Nəzər saldıqda görürük ki, dirayət təfsirlərinə daha çox müraciət olunur. Bunlarla yanaşı, fiqhi, kəlami, təsəvvüfi, fəlsəfi və lüğəvi təfsir cərəyanları da mövcuddur.

Fiqhi təfsir cərəyanının mənsubları Qurani-Kərimin əhkam ayələrini əsas götürüb dəyərləndirirlər. Kəlami təfsir cərəyanı isə Qurandakı inancla əlaqəli ayələri öyrənir.

Təsəvvüf qəlbdən dünyaya aid hər şeyi atıb, onun yerinə Allah sevgisini yerləşdirənlərin yoludur. Onların Qurani-Kərim ayələrini təfsir edərkən ilham və kəşf yoluna müraciət etmələri təfsirdə yeni cərəyanın meydana gəlməsinə gətirib çıxarmışdır. Bəzi filosofların məsələləri ələ alarkən bir sıra Quran ayələrinə yer verib onları təfsir etməsi isə fəlsəfi təfsir cərəyanının yaranması ilə nəticələnmişdir.

Quranın ərəb dili qayda-qanunlarına görə olan təfsiri isə lüğəvi təfsir cərəyanına aiddir.

Müasir təfsir cərəyanlarından bəhs edərkən yenilikçi, ictimai, ədəbi, mübarizə, elmi və mövzulu təfsir cərəyanlarının adlarını çəkə bilərik. Yenilikçi təfsir cərəyanının qurucusu Əhməd Xan Avropa həyat standartlarını və təhsil metodunu İslam aləminə tətbiq etməyə cəhd göstərən islahatçı olmuşdur. İctimai təfsir cərəyanı isə Qurani-Kərimin hidayət yönünü ön plana çıxaran cərəyandır. Quran ədəbi üslubun zirvəsində endiyi üçün ədəbi təfsir cərəyanı mənsubları ədəbi metodu hər şeydən əvvələ çəkmiş və təfsirdəki başqa şeylərin bundan sonra gəldiyini iddia etmişlər. Mübarizə təfsiri cərəyanının qurucusu Seyyid Qutub cəmiyyətləri müsəlman və cahiliyyə olaraq iki yerə ayırmış, cəmiyyətdə islami prinsipləri hakim mövqeyə gətirmək üçün mübarizə aparmışdır. Bəzi müfəssirlər isə Quranın insanları təfəkkürə, təbiətdəki hadisələrə baxmağa dəvət edən ayələri əsas götürərək bütün elmlərin Qurandan qaynaqlandığını iddia etməkdədirlər. Bu müfəssirlərin yazdıqları əsərlər elmi təfsir cərəyanına aiddir. Mövzulu təfsir təfsir cərəyanı olmamaqla bərabər, Qurani-Kərimin başa düşülməsində mühüm bir metoddur. Burada müəyyən bir mövzu haqqında Quranın müxtəlif ayələrində dağınıq halda olan məlumatlar bir yerə toplanaraq sistemli şəkildə təqdim olunur.

Müqəddəs Quranın müxtəlif yönlərini tədqiq edən təfsir cərəyanları sayca çox görünsə də, əslində, hamısının tək hədəfi Qurani-Kərimi başa salmaqdır. Bir şəhərə müxtəlif istiqamətlərdən çoxlu yol gedə bilər, ancaq sonda hamısının birləşdiyi bir nöqtə var. Təfsir cərəyanları da Qurani-Kərimin müxtəlif yönlərini öyrənməyi məqsəd seçsə də, hamısının istəyi Qurani-Kərimin anlaşılmasına xidmət etmək və insanları Onun hidayəti ilə tanış etməkdir.

 

Fuad NURULLAYEV,

Qafqaz Müsəlmanları İdarəsi

sədrinin müavini,

fəlsəfə üzrə fəlsəfə doktoru