Televiziyalarda ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlənməməsi adi hala çevrilib.
Bunu Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini, dosent Gülarə Əmirova deyib.
Mərkəzin televiziya kanallarında apardığı monitorinqin nəticələri ilə bağlı statistik məlumatları açıqlayan direktor müavini bildirib ki, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir.
Dosent aparıcı və müxbirlərlə yanaşı ekspert və qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin də nəticələrlə bağlı hazırlanan kitaba daxil edildiyini vurğulayıb. O, ədəbi dil normalarının pozulması fonunda ən çox üslubi səhv və xətalara yol verilməsini təəssüf doğuran məqam kimi dəyərləndirib.