Türkiyədə açıq havada, eləcə də havalandırılması kifayət qədər olan örtülü məkanlarda tibbi maskadan istifadə məcburiyyəti aradan qaldırılır.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
"Epidemiyanı həyatımızın hakim ünsürü olmaqdan çıxaracağıq. Maskalardan açıq havada istifadə etmək məcburiyyətində deyilik. Əgər qapalı mühitlərdə ventilyasiya kifayətdirsə və məsafə qaydasına əməl oluna bilirsə, artıq maska taxmağa ehtiyac qalmır",-deyə nazir qeyd edib.
Nazir bildirib ki, lazım gəldikdə maska taxılmalıdır: "Maskaları həyatımızdan tamamilə çıxarmırıq. Lazım olanda taxmaq üçün yanımızda olmalıdır. Böyüklərimizin və xroniki xəstəliyi olanların yanında maska taxmaq vacibdir”.
O bildirib ki, aradan qaldırılan qadağalardan biri də "HES kodu" tətbiqinin ləğvi ilə bağlıdır.
Belə ki, bundan sonra ölkədə heç bir qurum və təşkilatın girişində qeyd olunan kodun nəzarəti aparılmayacaq.
Nazir qeyd edib ki, məktəblərdə COVİD-19-a yoluxma halı baş verdikdə siniflər bağlanmayacaq. Testi pozitiv olanlar təcrid olunacaq.