Türkiyə PKK terror təşkilatına qarşı mübarizəsini davam etdirir. Bir neçə gün əvvəl 2 terrorçu təslim olduqdan sonra mağarada aşkarlanan daha 5 terrorçu təslim olub.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində hədəflərə qarşı “Pəncə-Kilit əməliyyatı” planlaşdırıldığı kimi uğurla davam edir.

Mehmetçik bölgədə terrorçuların istifadə etdiyi mağaraları, sığınacaqları aşkar edərək onları yararsız hala salır, terror yuvalarını bir-bir dağır. Aprelin ortalarından başlayan əməliyyat çərçivəsində 400-dən çox terrorçu zərərsizləşdirilib, 500-dən çox mağara, sığınacaq və 2000-ə yaxın əldəqayırma partlayıcı məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatı ilə sıxışdırılan terror təşkilatının dağılmasının sürətləndiyi də bildirilib.

Qeyd edək ki, terrorçuların mağaradan çıxması və təslim olması anını əks etdirən video yayımlanıb.