Türkiyədə "Türk Beyin Layihəsi" çərçivəsində inkişaf etdirilən real zamanlı süni intellekt sistemi ilə beynində şiş diaqnozu qoyulan xəstəyə təcili müdaxilə edilərək xəstənin həyatı xilas edilib. Xəstə süni intellekt tərəfindən aşkarlanan və təcili müalicə olunan ilk klinik hadisə kimi tibb tarixinə düşüb.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanası Beyin və Sinir Cərrahiyyəsi Poliklinikasına qeyri-spesifik baş ağrısı şikayəti ilə müraciət edən qadın xəstədən həkim maqnit rezonans tomoqrafiyası (MRT) istəyib.

Xəstə MRT cihazında olarkən real vaxt rejimində xəstə məlumatlarını analiz edən süni intellekt alqoritmi ilə aşkar edilən şiş aşkarlandıqdan sonra təcili əməliyyata alınan xəstənin həyatı erkən müdaxilə ilə xilas edilib.

Bu hal, xəstənin tomoqrafiya müayinəsinin davam etdiyi vaxtda süni intellekt alqoritmi ilə diaqnoz qoyulan ilk klinik hadisə kimi “Journal of Neurosurgery: Case Lessons”da dərc edilərək, tibbi ədəbiyyata daxil olub.