Araşdırmaçı-yazar Mehdi Dehkan Urmiya aşıqlarından Dollu Abazar haqqında yazır.

Azərbaycanda, eləcə də bütün türk dünyasında ən çox tanınan və sevilən musiqilərdən biri də Aşıq musiqisidir. Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir.

Bu musiqinin ifa olunduğu alətlərə saz və qopuz, ifaçılarına isə aşiq və ya ozan deyilir.

Aşıq sənətinin ən qədim məktəblərindən və ya mühitilərindən biri Urmu Aşıq Məktəbi və ya Mühiti adlanır. Yerli tarixçilərin fikrincə, İranın Qərbi Azərbaycan Urmu aşıq məktəbinin tarixi eramızdan əvvələ, şumerlərin hakimiyyəti dövrünə təsadüf edir.

Urmu  aşıq məktəbinin ustadlarından biri də XVIII əsrin ortaları və XIX əsrin əvvəllərində yaşamış Dollu Abazardır. Dollu Abazar 1856-cı ildə Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərinin Dol kəndində anadan olub. 20 yaşından qopuz çalmağa başlayan Dollu Abazar 25 yaşında ailə həyatı qurub. Sonradan həyat yoldaşını və iki (Rəhim və Əlibaba) oğlunu sel fəlakətində itirir.

Kənddə aclıq və quraqlığın yaranması, qəddar mülkədarların təzyiqinin artması, türk soyqırımı və erməni quldur dəstələrinin talanlarının başlaması yaşayışı dözülməz edir.  Dollu Abazar oğlu İmranla birlikdə kəndi tərk edir. Araz çayını keçir, qatarla Gürcüstanın Borçalı şəhərinə gedir. Əvvəlcə Qasımlı kəndində məskunlaşır. Oğlu İmranın evlənməsi ilə Gürcüstanın Marnueli şəhərinin Ulaşlu kəndində məskunlaşaraq ömrünün sonuna kimi orada yaşayır.

1920-ci ildə Ulaşlu kəndində vəfat edib və kəndin köhnə türk qəbiristanlığında dəfn edilib.

Nəvəsinin və mənim axtarışlarımdan sonra aşığın məzarı 2021-ci ilin  yaz aylarında tapılıb. Köhnə məzar indi yenilənməyi, təmir olunmağı gözləyir. 

Dollu Abazar sağlığında aşıq sənətinin ustası olmuş, çox sayda şagirdlər yetişdirmişdir. Ömrünün sonlarına doğru kəndindən, vətənindən uzaq olmağın hüznünü yaşayan aşıq "Dol hicranı" aşıq havasını ərsəyə gətirir, Urmiyə və Borçalı aşıq məktəbinə miras qoyur. Aşiq Dollu Abazar hər zaman "Quran" oxuyur,  imamlar (a.s), və peygəmbərlə əlaqəli şeirlər yazır.
Aşiq Dollu Abazar xeyli şeirlər yazsa da, bu gün cəmi 12 şeiri əlimizə çatıb.

Onun şeirləri türk xalqları üçün böyük bir mədəni irs kimi aşıqlar vasitəsilə könüldən-könülə ötürülüb, yaşayıb.

Bu gün Dollu Abazarın ailəsi və nəvələri İranda Nevruzi, Gürcüstanda və Rusiyda isə Qostanov soyadı ilə yaşayırlar. Dollu Abazar  İranda, Gürcüstanda, Azərbaycanda və bütün türk dünyasında ozan və şairkimi deyil, daha çox müqavimətin və türklüyün simvolu kimi xatırlanır.

Dollu Abazarın dünyanın fani və vəfasızlığını göstərən şeirlərindən biri belədir:

Dolandırır

Ey ağlalar, bir zəmanə gəlibdir,

Dövlətli yanında qul dolandırır.

Kəsilib məhəbbət, yad olub hörmət

İndi zəmanəni pul dolandırır.

Abazər, əhvalın oldu pərişan,

Üzündə xalların dürdanə nişan.

Biqeyrət qohumla namuslu düşman

Gəlsə qəbrim üstə gül dolandırır.