Dünyada koronavirusa yoluxma hallarının kəskin artması təhlükəsi peyvənd kampaniyası bitənə qədər qalacaq.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə belə açıqlama verib.
"ÜST-ün məqsədi bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70%-nin peyvənd olunmasıdır", - deyə Tedros Adhanom Qebreyesus bildirib.
Baş direktor deyib ki, hazırda dünya əhalisinin üçdə biri peyvənd olunmayıb.
"Yüksək peyvəndləməyə nail olana qədər infeksiyaların artması və peyvəndin təsirindən yayınan yeni variantlarının ortaya çıxması riski ilə üzləşməyə davam edəcəyik", - deyə ÜST-ün rəhbəri qeyd edib.
Tedros Adhanom Qebreyesus xatırladıb ki, dünyada COVID-19-a yoluxma hallarının sayında artım davam edir, bunun səbəbi Asiyadakı geniş yayılma və Avropada yeni dalğadır.
Qeyd edək ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.