ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar Ümumamerika Xocalı Mitinqi keçirilib.
Azərbaycan-Nyu York Assosiasiyasının təşəbbüsü ilə Kapitoli binasının yaxınlığında baş tutan izdihamlı mitinqdə ABŞ-ın müxtəlif ştatlarında yaşayan soydaşlarımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Əllərində Azərbaycan, Türkiyə və ABŞ bayraqlarını dalğalandıran mitinq iştirakçıları Xocalı soyqırımı qurbanlarının fotolarını, faciənin dəhşətli anlarını əks etdirən şəkilləri, "Xocalıya ədalət!”, "Xocalı soyqırımını tanıyın!", “Xocalını unutma!”, “Ermənistan lideri hərbi cinayətləri etiraf edib”, “Erməni hərbi cinayətkarları məsuliyyətə cəlb olunsun!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulmuş uşaq öldürülüb”, “8 ailə tamamilə öldürülüb”, “30 il ədalət gözləyirik!”, “Qarabağa sülh!”, “Qarabağ Azərbaycandır!” və sair şüarlar yazılmış plakatları nümayiş etdiriblər.
Orta Qərb Amerika Azərbaycanlıları Mərkəzinin rəhbəri Fərid Məmmədovun və Minnesota Azərbaycanlıları Assosiasiyasının sədri Günel Rallisin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aksiyada Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, ABŞ Azərbaycanlılar Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, Şimali Karolina Universitetinin Konfliktologiya fakültəsinin direktoru Əli Əsgərov, Amerika-Azərbaycan Alimlər Assosiasiyasının prezidenti Sevinc Məmmədova, Cənubi Metodist Universitetinin professoru Dürdanə Balakişiyeva, GünAZ Televiziyasının təsisçisi Əhməd Obalı, Tennesi Texnoloji Universitetinin professoru Maykl Qanter, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova, diaspor fəalı Con Teylor (Texas), Meyn-Azərbaycan Cəmiyyətinin sədri Tərlan Əhmədov, Florida-Azərbaycan Cəmiyyətinin sədri Esmira Bayramova, diaspor fəalı Elman Kərimov (Virciniya), Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova, Dünya Ahıska Türkləri Birliyinin ABŞ nümayəndəsi Şuhrat Temirov, Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal, “United Charities for Azerbaijan” xeyriyyə fondunun rəhbəri Gündüz Tahirli, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Həmid Azəri, Amerikada yaşayan azərbaycanlı musiqiçi Aqil Süleymanov və başqaları çıxış ediblər.
Bildirilib ki, dünyanın gözü qarşısında Ermənistan silahlı birləşmələrinin Xocalıda azərbaycanlılara qarşı misli görünməmiş amansızlıqla soyqırımı törətməsi bəşəri cinayətdir və bu qanlı cinayəti törədənlərin cəzasız qalması qəbuledilməzdir. Erməni cəlladlarının dinc insanların, xüsusilə də məsum uşaqların, qadınların, qocaların başlarına gətirdiklərini xatırlayarkən təsirlənən natiqlər bu cinayətin təşkilatçıları, ideoloqları olan Serj Sarkisyanın, Robert Köçəryanın, Seyran Ohanyanın, Zori Balayanın Balkan ölkələrində müxtəlif soyqırımları törədən hərbi cinayətkarlar kimi beynəlxalq ədalət mühakiməsinə çəlb olunmasının vacibliyini bildiriblər. Xocalı qətliamının, BMT-nin qətnamələrinə əsasən, soyqırımı kateqoriyasına uyğun gəldiyini, ABŞ-ın 24 ştatının Xocalı soyqırımını tanıdığını vurğulayan soydaşlarımız Azərbaycanın, dünya azərbaycanlılarının və türk dünyasının beynəlxalq birlikdən Xocalıya ədalətlə yanaşmağı tələb etdiyini nəzərə çatdırıblar.
Mitinq ərzində soydaşlarımız dəfələrlə “Xocalıya ədalət!” tələbini birlikdə səsləndiriblər.
Tədbirin sonunda Minnesota ştatlndakı mıktəbdə təhsil alan Ağa Dadaşzadə Xocalı soyqırımına həsr olunmuş şeir söyləyib.
Mitinq “Bayatı-Şiraz” müğamının sədaları altında və “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” şüarlarının birlikdə səsləndirilməsi ilə yekunlaşıb.