Qurani-Kərimdə buyurulur: “Dində məcburiyyət (zorakılıq) yoxdur...”(2:256); “...İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!” (10:99).

Peyğəmbər belə olsa, o, insanların inanc məsələsində məcburiyyətə yer verə bilməz. 

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (Hucurat-Otaqlar surəsi, 13), - deyə buyuran Qurani-Kərim açıq şəkildə hər birimizin Uca Yaradan tərəfindən bərabər hüquqlu yaradıldığını göstərir. 

İslamın insan iradəsinin azadlığına vurğu qoyan bir din olduğunu görürük.

Fərqli görünüş və mədəniyyətlərimizin bir-birimizə qarşı düşmənçilik yox, yaradılışı daha yaxşı dərk etməyimiz üçün vasitə olduğu vurğulanır. İnsanların Allaha gedən yolları fərqli və özünəməxususdur. Burada hər hansı zorakılığa yol vermək, yaxud dinin adından istifadə edərək “özündən olmayana” əziyyət vermək Allahın buyruğuna qarşı çıxmaqdır.

Azərbaycanda İslam və tolerantlığımız

Artıq 14 əsrdir ki, Azərbaycan ərazilərində İslam aparıcı dindir. Tarixin müxtəlif dövrlərində hər hansı məzhəb ayrı-seçkiliyi cəhdləri olsa da, Azərbaycan xalqı bu sınaqlardan çıxa bilib. Ölkəmizdə din qardaşı ilə yanaşı, fəqli məzhəb və dinlərin daşıyıcılarına qarşı da dözümlülük nümayiş olunub. Tədqiqatçılar tolerant cəmiyyətin sirrini İslam dininin xüsusiyyətləri ilə əlaqələndirsələr də, bu məsələdə xalqın rolunu, mərhəmət və qonaqpərvərlik kimi amilləri danmaq olmaz. Çünki, bu gün İslam dininin hakim olduğu bir sıra ölkələrdə bu sahədə vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Təbii ki, buna səbəb olan bir sıra amillər var ki, o da başqa bir mövzudur.

Aparılan tədqiqatlara əsaslansaq, Azərbaycanın coğrafi mövqeyi, mədəniyyətlərin qovşağında yerləşməsi ölkəmizdə tarixən formalaşmış tolerantlıq mədəniyyətini şərtləndirən əsas amillərdən biridir. Qafqaz regionu etnik baxımdan dünyanın ən zəngin bölgələrindəndir. Məsələn, 160 min nəfərlik əhalisi olan Quba rayonunda kompakt halda 10-a yaxın etnik qrup yaşayır. Bu göstərici fərqli mədəniyyətlərlə yanaşı, müxtəlif dini inanclar amilini də ortaya qoyur. Ölkəmizdə hər kəsin dini inancına istər dövlət, istərsə də əhali tərəfindən hörmətlə yanaşılır.

 “Dini etiqad azadlığı haqqında” Qanuna görə Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var.

Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

Onu da deyək ki, dini etiqad azadlığı məsələsi 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) də dövlətçilik fəaliyyətinin əsasını təşkil edib.

Ökəmizdə  ilk cümhuriyyət dövründə də vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipi əsas götürülüb.

Bu gün də Azərbaycanda müxtəlif dinlərin və eləcə də məzhəblərin daşıyıcsı olan insanlar azad  şəkildə öz inanclarını yaşayır. Fərqli dinlərin təmsilçiləri də daxil olmaqla,  insanların dinin rituallarını, ibadətini rahat formada yaşaya bilməsi üçün hər cür şərait yaradılıb.  

Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırır. Dövlət-din əlaqələrinin yüksək səviyyədə qurulması üçün hərtərəfli işlər həyata keçirilir. Ölkə rəhbərliyinin xüsusi qayğı və diqqəti sayəsində məscidlər, sinaqoq və kilsələr, dini ziyarətgahlar bərpa olunur. İlahiyyat elminin yüksək səviyyədə öyrədilməsi üçün təhsil ocaqları gənclərin ixtiyarına verilir və s.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin fikirlərinə nəzər salaq: “Yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadığı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, etnik-dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Multikultural birgəyaşayış təcrübəmiz dünyada nümunəvi model olaraq təqdir olunur. İslam dünyasının mütərəqqi dövlətlərindən biri kimi tanınan, öz milli, dini-mənəvi dəyərlərini qoruyub inkişaf etdirən, bəşəri dəyərlərə önəm verən Azərbaycan dövlətinin əməli səyləri dünya miqyasında nüfuzumuzu artırır, bütün beynəlxalq müstəvilərdə mövqelərimizi möhkəmləndirir”.

Mövcud vəziyyəti necə qorumalı?

Bu gün dünyada dini dözümsüzlük tez-tez ksenofobiya və digər ayrı-seçkilik formaları ilə qarışdırılır,  bəzən də ayrı-seçkiliyi haqlı göstərmək üçün istifadə olunur. Bunun ən bariz nümunələrini bir çox Avropa ölkələrində görmək mümkündür.
Din və inam əsasında ayrı-seçkilik insan hüquqlarına zidd olsa da,  Avropanın bir çox insanları tərəfindən gündəlik təcrübədə müşahidə olunur. İslama və müsəlmanlara qarşı nümayişlərin, İslam peyğəmbərinin təhqir olunmasının da az şahidi olmuruq.

Başqa bir məqam... Artıq illərdir müsəlman ölkələrində tökülən qanın arxasında dayanan qüvvələr din amilindən məharətlə istifadə edir. Belə bir dünyada Azərbaycanda insanların bir-birinin dini mənsubiyyətinə hörmətlə yanaşması, vəhdət namazlarının qılınması, ayrı-ayrı xalqların dini mərasimlərində tərəddüdsüz və sevgi ilə iştirak Azərbaycan dövlətinin və xalqının uğurudur. 

Bu işdə dövlətlə yanaşı, hər bir vətəndaşın xüsusi səyi olmalı, hamı birlikdə təhdid doğuran məqamlara qarşı  mübarizə aparmalıdır. Təbii ki, media bu mübarizədə ön sıralarda yer almalıdır. 

Bəzən diqqət edilməyən məqamların necə təhlükəli hal ala biləcəyini  təsəvvür edə bilmək üçün bir misal gətirək.

Bəzi hallarda özlərini dindar kimi təqdim edən sosial qruplar yaranır ki, onlar özlərini üzvü olduğumuz cəmiyyətdən ayırır. 

Bəs bu zaman nələr baş verir? Sualın cavabını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılov çox aydın şəkildə izah edir: “Dini cərəyan, təriqət və camaatlıqlara xas xüsusiyyətlərdən biri öz tərəfdarlarını cəmiyyətdən təcrid etməyə çalışmalarıdır. Bu bütün dövrlərdə belə olub. Çünki insanları hansısa dini ideya ətrafında birləşdirmək üçün onları mənəvi, ictimai, əxlaqi tellərlə yanaşı, həm də sosial-iqtisadi cəhətdən bir-birilərinə bağlamaq lazımdır. Başqa sözlə, eyni dini cərəyanın və ya təriqətin üzvlərinin həm də maddi maraqlar birləşdirməlidir. Belə olan təqdirdə dini cərəyan və təriqətlər daha monalit olur, cəmiyyətdə yarımüstəqil sosial zümrə kimi formalaşır və ətraflarına daha çox insan cəlb edə bilirlər. Yarımüstəqil sosial qrupların yaranması bütün cəmiyyətlər, xüsusilə dini biliklərin zəif olduğu ölkələr, o cümlədən kiçik dövlətlər üçün daha təhlükəlidir. Ona görə ki, dini zəmində sosial zümrələr formalaşdıqdan və müəyyən kəmiyyət göstəricisinə nail olduqdan sonra onlar cəmiyyətdə artıq güc mərkəzi kimi çıxış edir və dövlət strukturları ilə diktə dili ilə danışmağa başlayırlar. Ən sonda isə ya siyasi hakimiyyət iddiası ilə çıxış edir ya da əlavə imtiyaz tələb edirlər”.

Bu kimi halların nə ilə nəticələnə biləcəyini təsəvvür etmək çətin deyil. 

Komitə sədrinin müavini bu məsələyə belə şərh verir: “Bu gün dinə inanc sistemi, həyat tərzi, vicdan azadlığı, mənəvi dəyər, siyasət, bir az qəribə görünsə də, keçmişin qalığı kimi baxanlar da ola bilər. Təbii ki, insanlar azaddır və dinə münasibətlərinə görə onları nədəsə günahlandırmaq olmaz. Dövlət vətəndaşın seçiminə və fikrinə hörmətlə yanaşmağa məcburdur. Lazım gəldikdə dinə müxtəlif fikirli vətəndaşların gözü və ya “gözlüyü” ilə baxmağı da bacarmalıdır. Yalnız bu halda vicdan azdlığını və fikir plüralizmini tam bərqərar etmək mümkündür. Amma dinə baxarkən dövlətin vətəndaşdan fərqli olaraq əlavə bir “gözlüyü” olmalıdır. Bu, dövlətin, həm də cəmiyyətin milli, ictimai və ideoloji cəhətdən “təhlükəsizlik gözlüyü”dür. Dövlətlər dinə, daha doğrusu, dini məsələyə həm də bu gözlükdən baxmalıdır”.  

Belə deyə bilərik ki, bu gözlükdən baxanda hər hansı bir təhlükə görünürsə, tədbirlərin görülməsi etiqad azadlığının sıxışdırılması deyil, əksinə cəmiyyətin təhlükəsizliyinin təmini üçün vacibdir və bu addımı atmaq dövlətin borcudur. 

Çox təəssüf ki, bir sıra hallarda yaranan o sosial qruplar öz niyyətlərini həyata keçirmək üçün mediadan da məharətlə istifadə edir.  

İnsanların inanclarından sui-istifadə hallarında medianın rolu

Qısa da olsa, yuxarıda sadaladıqlarımız din adından sui-istifadənin təhlükəsini ortaya qoyur. Dini məsələlər bütün cəmiyyəti əhatə edən bir amil olduğundan bu sahənin faydalı istiqamət alması kompleks yanaşma tələb edir. Bu işdə medianın üzərinə də çox böyük məsuliyyət düşür. Medianın kütləvi təsir mexanizmi olduğunu nəzərə alarsaq, din kimi həssas bir sahədən sui-istifadəyə yer verməsinin hansı fəsadlara yol aça biləcəyini təsəvvür etmək çətin deyil. 

Xüsusilə, yeni medianın dini kimliyə təsiri ənənəvi mediadan daha genişdir.  

Bəzən media bilərkdən-reytinq qazanmaq üçün din adından istifadə edir. Dinin siyasiləşdirilməsindən tutmuş, əyləncəli hala salınmasına kimi müxtəlif təzahürləri görmək mümkündür.   

Bilərəkdən dövlət-din qarşıdurması yaratmaq istəyənlər də var, sadəcə pul qazanmaq arzusunda olanlar da.

Bəs nə etməli? Medianın rəqəmsallaşması ilə aktuallığını daha da artıran bu problemin geniş şəkildə araşdırılmasına və həll yollarının tapılmasına ehtiyac var. Son olaraq onu qeyd edim ki, bu sahədə olan problemləri təhlil etdikdən sonra qonşu Türkiyənin sahə üzrə ekspertləri belə bir qənaətə gəlib: 

1.Dinlə bağlı yayımlanan materialları sahə üzrə ixtisaslaşmış insanlar hazırlamalıdır.

2.Media-din münasibətlərində yaşanan problemlərdə günah ancaq medianın deyil.  

3.Media-din münasibətlərində yaranan problemlərin həllində bu sahəyə məsul olan dövlət və qeyri-dövlət qurumları, media, yayım və təftiş qurumları aktiv rol almalıdır.

4. Media dindən sui-istifadə etməməli, dini məlumatların ötürülməsinə həssas yanaşmalı, nifrət və marginal ifadələrdən uzaq olmalıdır. 

Həmçinin dini mövzuda olan nəşr və məzmunlara yaxşı nümunələr daxil etməklə dinin müsbət təbliğinə töhfə verməlidir.

5. Media və din mövzusu ilə bağlı akademik araşdırmaların sayı artırılmalı və bu araşdırmalar müvafiq qurumlar tərəfindən dəstəklənməlidir. 

Aygün İbrahimova

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.