Vicdan azadlığı nədir, insana nə üçün lazımdır?  Bu məfhum necə başa düşülməlidir? Azadlığı hansı formada qorunmalı, bunun üçün nələrə əməl edilməlidir?

Mövzu ilə bağlı Elxeber.com-un sualını ilahiyyatçı, Heydər məscidinin imamı hacı Rüfət Qarayev cavablandırıb. 

Rəbbimiz vicdanı azad yaradıb

Rüfət Qarayevin sözlərinə görə, Rəbbimiz vicdanı azad yaradıb: “Vicdan insanın daxili aləmində yerləşən elə bir mexanizmadır ki, Rəbbimiz tərəfindən azad yaradılıb.  Hər hansı bir haqsızlıqla qarşılaşdıqda, yaxud insanın özünün haqsız olduğu vaxtlarda, ədalətsizliyə və harama doğru münasibət göstərmədikdə, yəni haqqın, doğrunun üstünü örtdükdə işə düşür”.

İlahiyyatçı bildirib ki, vicdanın kökü ərşə, Haqqa dayanır: “Vicdanın insana doğruları göstərməsi o zaman mümkündür ki, şəxsin vicdanı ölməmiş, boğulmamış olsun. Azadlığı qorunan vicdan yanlışlığa, haqsızlığa yol verdiyimiz zaman işə düşür və doğrunun nə olduğunu bizə çatdırır. Belə bir deyim də var, insan əlini vicdanın üzərinə qoyarsa, həqiqəti anlamış olur. Vay o gündən ki, insan öz vicdanını məhbus edə, səsinin qarşısını ala. Bütün problemlər buradan başlayır. Vicdan elə bir amildir ki, kökü ərşə, Haqqa dayanır. Dediyim kimi, Haqq o mexanizm vasitəsilə doğrunun nə olduğunu insana göstərir, seçim etməsi üçün yardım edir. Təəssüf ki, vicdanının səsini boğan, öz səhvini doğru kimi sübut etməyə çalışan insanlar da olur”.