Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işlərini həyata keçirən şirkətə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən Elxeber.com-a verilən məlumata görə, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır.

Bildirilib ki, iki nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumata görə, avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub.