“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə işi olan “Şənbə qonağı” layihəsində İntiqam Yaşar Türkiyənin tanınmış yazarı, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu ilə söhbətləşib.

ELxeber.com həmin müsahibəni təqdim edir.

- Yaqub bəy, hər vaxtınız xeyir. Artıq 3-cü ayını tamamlamaq üzrə olduğumuz 2022-ci il Yaqub Öməroğlu üçün necə keçir?

- 2022-ci il mədəniyyətyönümlü fəaliyyətlərlə, çox sıx qrafiklə başladı. Beynəlxalq aləmdə baş verən hadisələrdən dolayı həm dünyamız, həm də Türk dünyası adına böyük çaşqınlıqlar, əndişələr də yaşadıq. Arzu edirik ki, 2022-ci ilin başlanğıcında baş verən bu ağır hadisələr yerini gözəlliklərə ötürsün. 

-Rəhbərlik etdiyiniz Avrasiya Yazarlar Birliyinin Azərbaycan-Türkiyə ədəbi əlaqələrində önəmli yeri var. Qardaş ölkələr arasında təşkilatınızın ədəbiyyat sahəsində nə kimi planları var?

 -Avrasiya Yazarlar Birliyi göstərdiyi fəaliyyətləri mütəmadi, davamlı hala gətirməyə çalışan, bunu müəyyən bir miqyasda da bacaran bir təşkilatdır. Biz fəaliyyətə başladığımızda görəcəyimiz işin davamlılığını öncədən hesablamağa çalışırıq. Bu fəaliyyətlərin ən mühümlərindən biri “Qardaş qələmlər” dərgisinin fəaliyyətidir. Ədəbiyyat dərgiləri, adətən, öz oxucuları, yazarları ilə bir mühit yaradır. Ümumi mühitdə öz atmosferini ərsəyə gətirir. “Qardaş qələmlər” dərgisi də bu atmosferi yarada bilmiş dərgilərdən biridir. Bu il dərgimizin yaranmasından 16 il ötür. Təbii ki, bu illər ərzində dərgiçilikdə də yeni proseslər, yeni yanaşmalar yaranıb. Biz də dərgimizin fəaliyyətində bu yenilikləri öndə tutur, dərgimizi gəncləşdirərək davam edirik. Türk dünyasından yayınladığımız kitabların sayı  400-ə yaxınlaşıb. Bunlar ədəbi əsərlərdir. Tarixdə belə bir nümunə yoxdur ki, bir nəşriyyat yalnız Türk xalqlarından əsərlər çap etsin və bu əsərlərin sayı 400-ə çatmış olsun. Biz, sadəcə, kitabları çap edən və öz ətrafına paylayan nəşriyyatlardan olmaq istəmədik. “Bengü” yayın evi mövcud şərtlərə uyğun olaraq, digər nəşriyyatlar necə çalışırsa o cür çalışan bir qurumdur.  Hətta “Bengü” nəşriyyatının Avrasiya Yazarlar Biriyinin nəşriyyatı olduğunu bilməyən çox insan var.  Nəşriyyatın adını tanıyırlar, amma onun bu təşkilata aid olduğunu bilmirlər. Çünki, onu biz də belə istədik. Bu fəaliyyətlərimizi də zamanın tələblərinə uyğun şəkildə davam etdirmək arzusundayıq. Onu da vurğulayım ki, sovetlər birliyinin dağılmasından 30 il keçsə də, “Bengü” yayınları bəzi türk xalqlarının ədəbiyyatından ilk dəfə əsər çap edən nəşriyyatdır. Məsələn, Saxa-Yakutyada yaşayan qardaşlarımızın əsərlərindən ilk dəfə bir romanı biz Türkiyədə nəşr edirik. Tuva, Altay, Noqay ədəbiyyatlarından əsərlər ilk dəfə bu il çap olunur. Kitab sərgisinə yetişdirmək üçün bu əsərlərin nəşrini çatdırmağa çalışırıq. Baharın sonlarında bütün Türk xalqlarından Türkiyədə roman, hekayə kitabları çap olunmuş olacaq. Təşkil etdiyimiz “Mahmud Kaşğari hekayə yarışması”nı yenə davam etdirmək istəyirik. Yeni yazarların yetişməsi üçün yazar kurslarımız var. Bu kurslar Türkiyənin sərhədlərindən kənara çıxıb artıq. Dörd ildir ki, Balkanlarda, Avropada türklərin iştirakı ilə bu kurslar fəaliyyət göstərməkdədir. İki ildir ki, Güney Azərbaycandan, Krımdan, Azərbaycan Respublikasından da qatılanlar var. Bu il İraqda-Türkmən elindəki qardaşlarımıza da yazarlıq dərsləri vermək planımız var. Bundan başqa yazarların, tarixi şəxsiyyətlərin anma günləri ilə bağlı fəaliyyətlərimizi də davam etdirəcəyik. 

-Yaqub bəy, Türkiyə və Azərbaycan arasında olan ədəbi əlaqələrimizi necə qiymətləndirirsiniz, sizcə, qənaətbəxşdirmi? 

-Keçmişlə müqayisədə çox yaxşı durumdayıq. Öncəki zamanlarda çox az idi ədəbi əlaqələr. Çox az Azərbaycan müəllifinin əsərləri Türkiyədə nəşr olunmuşdu. Eləcə də Türkiyə müəllifləri Azərbaycanda çox az sayda çap olunmuşdu. Bunu da deyim ki, Azərbaycan da, Türkiyə də bizimdir. Türkiyədə çap olunan Azərbaycan ədəbiyyatı nümunələrinin sayı, Türkiyədən olan əsərlərin Azəbaycanda çapından bir neçə dəfə çoxdur. Bu məqamda onu da vurğulamaq lazımdır ki, Türkiyədə çap olunan kitablar Azərbaycanda tərcüməyə gərək olmadan kitab evlərində satılır. Bu da kitabın tərcümə olunub yayılmasından daha yaxşı bir prosesdir. Kitabı çap olunduğu kimi oxuculara çatdırmaq yaxşıdır. Bunu Türkiyədə Azərbaycan kitabları üçün də etməliyik. Azərbaycan kitabları Türkiydəki mağazalarda orjinal olaraq satılmalıdır, bu istiqamətdə də bizim planlarımız var. Bizim bir kitab evimiz var. Bu kitab evi pandemiya dönəmində açılıb. Pandemiya şərtləri daxilində o kitab evini yaşatmaq bizim üçün çox çətin oldu. İndi onu internet imkanlarını da cəlb etməklə daha aktiv hala gətirmək arzusundayıq. Biz bu mağaza vasitəsilə Azərbaycan kitablarını orjinal halı ilə Türkiyədə satmaq istəyirik. İstəyirik ki, oxucu onu orjinal halında oxusun. Bizim əlifba problemimiz qalmayıb. Ola bilər ki, bir neçə lüğətə ehtiyac olsun. Onu da oxucu bir-iki kitabı səbr edib oxuduqdan sonra tam olaraq anlamış olacaq. Bunları biz bu dönəmdə inkişaf etdirməliyik. Azərbaycandan Türkiyəyə gələn kitab sayında olduğu kimi Türkiyədən Azərbaycana gedən kitab sayını da artırmalıyıq. Nəşriyyatlarımız bu istiqamətdə bir-biri ilə əlaqələrini genişləndirdikcə, yazarlarımız da daha çox tanınacaq, əlaqələrimiz da artacaq, deyə ümid edirəm. 

-Türk dünyası ədəbi qüvvələri arasında əlaqələrin genişlənməsi üçün Azərbaycan və Türkiyə ədəbi qurumları üzərinə hansı vəzifələr düşür?

-Azərbaycan və Türkiyə arasında olan münasibətlər həm Türk dünyası, həm də dünya üçün örnək oldu. Bu vəsilə ilə ölkə başçılarımıza də şükranlarımı çatdırmaq istəyirəm. Onların münasibətləri bu qədər yaxınlaşdırmaları Türk dünyası tərəfindən izlənilir və dövlətlər üçün də bir nümunədir. Biz ədəbiyyat qurumları olaraq bu bərabər çalışmaları həyata keçirməliyik. Azərbaycan və Türkiyə ədəbi qurumları arasında görülən işlər digər dövlətlərimizin ədəbi qurumları tərəfindən də izlənilir və onlar da bu prosesə qoşulurlar. Bunu söyləmək yanlış olmaz ki, Türkiyə və Azərbaycan arasında ədəbi əlaqələr Türk dünyasında öndər əlaqələrdir.

-Türkiyədə kitaba oxucu marağından danışaq bir az da. Bir ədəbiyyat adamı kimi orada kitaba maraq sizi qane edirmi?

-Doğrusu, bu məsələyə iki cür yanaşmaq mümkündür. Birincisi, mən çox pozitiv insanam. Türkiyədə çox sayda kitab çap olunur. Ədəbi əsərlər də çox sayda çap olunur. Bu bizi çox sevindirir. İldə ortalama 400-dən çox yeni roman çap olunur. Bu rəqəm özü sübut edir ki, oxucu kütləsi var. Təbii, bəzi yazarlar, aydınlar oxucu sayının az olduğundan şikayətçidir. Texnologiyaların artmasından sonra sonra gənclərin az oxumalarından gileylənirlər. Doğrudur, çox az oxuyan gənclər var, az oxuyan insan kəsimləri var. Amma çox oxuyan insanlar da var. O çox oxuyanlar bizi xilas edəcəklər. Mən onlara çox ümidliyəm. 

- Azərbaycan müəlliflərinin kitablarının Türkiyədə çap olunması çox böyük önəm daşıyır. Çünki, Türkiyə daha böyük meydandır bu baxımdan. Bu istiqamətdə hansı addımları atmaq olar?

-Təbii, bu çox önəmli prosesdir. Mən ilk hekayələr kitabı Türkiyədən əvvəl Azərbaycanda çap olunmuş bir yazaram. Bu mənim üçün çox sevindirici bir durumdur. İlk kitabı Türkiyədə çap olunmadan Bakıda çap olunan Nazim Hikmət olub. Onun şeir kitabı Bakıda çap olunmuşdu. Amma hekayə kitabı Türkiyədə çap olunmadan Azərbaycanda çap olunan ilk yazar mənəm. Bu, çox böyük xoşbəxtlikdir. Bəzi kitablar Bakıda çap olunmadan Türkiyədə çap olundu. Buna misal olaraq Xalq yazıçısı Anarın “Kərəm kimi” kitabını göstərə bilərik. Amma, biz bunu qəsdən elə planladıq. Söylədiyim kimi, Nazim Hikmətin kitabı öncə Bakıda çap olunmuşdu. Ona nəzirə olsun deyə, biz bu kitabı öncə Ankarada çap etdik. Nəşriyyat sektorunu da, oxucunu da bir-brinə yaxınlaşdırmalıyıq. Azərbaycan yazarlarının Türkiyədə oxucuları olmalıdır. Onların kitabları Türkiyədə çap olunduqda kitab evləri, nəşriyyatlar o kitabları oxuculara sata bilməlidir. Bunun üçün çox da uzun zaman qalmayıb, bir neçə ilə o prosesləri də yaşayacağıq, inşallah. 

-Azərbaycan ədəbi mühiti ilə kifayət qədər sıx əlaqəniz var. Kimlərin yaradıcılığını izləyirsiniz?

-Azərbaycan ədəbi mühitində çox dostum var. Həm onları yazar olaraq izləyirəm, həm də dostlarımın fəəaliyyəti olaraq təqib edirəm. Anarın, Mövlud Süleymanlının, Kamal Abdullanın, Rəşad Məcidin, Elçin Hüseynbəylinin yaradıcılığını oxuyuram və izləyirəm. Kamal Abdullanın əsərlərinin Azərbaycan ədəbiyyatına yeniliklər gətirdiyini düşünürəm. Bu siyahıya çox yazarları əlavə edə bilərəm. Mümkün olduğu qədər onların yeni əsərlərini izləməyə çalışıram. 

-“Qardaş qələmlər” dərgisindən danışdıq. Dərgi haqqında daha bir sual vermək istəyirəm. Mütəmadi olaraq dərgidə Azərbaycan müəlliflərini dərc edirsiniz. 2022-ci ildə dərginin Azərbaycanla bağlı nə kimi planları var?

-Aylıq ədəbiyyat dərgisi canlı bir yayım orqanı olduğundan, doğrusu, biz onu bir neçə özəl sayı xaricində çox da uzun fəaliyyət planı ilə nəşr etmirik. Ümid edirəm ki, bu il gənc şairlərdən gözəl şeirlər, nasirlərdən gözəl hekayələr gələr. Biz gənclərə önəm verməyə çalışırıq. Sizin də şeirləriniz “Qardaş qələmlər” dərgisində çap olundu. Azərbaycan üçün bu il “Şuşa” özəl sayını hazırlayırıq. Bu sayı üçün həm Azərbaycandan, həm də Türk dünyasının müxtəlif nöqtələrindən gözəl yazıların gələcəyinə inanırıq. 

-Təşəkkür edirəm.

-Uğurlar olsun.