Prezident seçkilərində 27 milyon 834 min 589 səslə qalib gələn Türkiyənin  Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) "Andiçmə mərasimi"nə qatılacaq.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğan yerli vaxtla saat 14:00-da Türkiyə Böyük Millət Məclisində and içəcək və vəzifəsinin icrasına başlayacaq. Ərdoğan mandatını Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalıdan alacaq.

Mərasimdən sonra saat 15.00-da Anıtkabiri ziyarət edəcək Ərdoğan, saat 17.00-da Prezident Külliyesindəki "Vəzifəyə başlama mərasimi"nə qatılacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın “Andiçmə mərasimi”ndə 21 dövlət başçısı və 13 baş nazir, o cümlədən Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bir çox nazir və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Andiçmə mərasimi"nə qatılacaq.