Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. 

Bu barədə açıqlamanı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Bildirilib ki, qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.  

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı Qarabağın azad olunmasından sonra dünyada yaşayan azərbaycanlıların ilk böyük görüşü olacaq.