2022-ci il "Formula -1" Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunacaq kubok fərqli dizaynı ilə seçilir.
Elxeber.com xəbər verir ki, Azərbaycanın zəngin irsinin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.
Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.
Yarışın rəsmi mükafatı, həmçinin ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Qeyd edək ki, kubok iyunun 12-də final yarışından sonra qaliblərə təqdim olunacaq.