Azərbaycanda qadınların pensiya yaşı iyulun 1-dən 63 il 6 aydan 64 yaşa qaldırılacaq. 

Qeyd edək ki, ölkədə kişilərin və qadınların  pensiya yaş həddi 65 yaş müəyyən edilib.  

Kişilər üçün 65 yaş həddi 2021-ci il iyunun 30-dan tətbiq olunsa da, qadınlarla bağlı proses 2026-cı il iyulun 1-də başa çatacaq. Belə ki, qadınlar üçün pensiya yaş həddi 2025-ci il iyulun 1-dən 2026-cı il iyunun 30-dək 64 il 6 ay, 2026-cı il iyulun 1-dən artıq 65 yaş olacaq.  

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin pensiyanın sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (“Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

Pensiya təyinatının avtomatlaşdırılması tədbiri pensiya hüququ yaranacaq şəxslərdən 80 faizini əhatə edəcək.

Pensiya təyinatının avtomatlaşdırılması hələ ki, mümkün olmayan digər 20 faiz şəxslərin sırasına aiddir:

“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsindəki (güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar)
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s.)
Mütəmadi olaraq həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.